NUHÇIXAN xəbər verir ki, şura iclasında Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının 2018-ci ilin birinci rübündəki fəaliyyəti müzakirə olunub.
Təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli bildirib ki, partiyanın Naxçıvan şəhər təşkilatı 2017-ci ili qənaətbəxş başa vurub. 2018-ci ilin ilk rübündə də, partiyanın yuxarı orqanlarının qərar, sərəncam, tapşırıq və göstərişlərini əldə rəhbər tutaraq, öz fəaliyyətini partiya rəhbərliyinin tələbləri səviyyəsində qurmağa çalışıb. Natiq, 2018-ci il aprel ayının 11-də ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsindən bəhs edib. Partiyanın sədri İlham Əliyevin 86 faizdən çox səs toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsini Azərbaycan seçicisinin son 15 ildə görülən işlərə verdiyi yüksək dəyərin, gələcəyə inamın ifadəsi olduğunu vurğulayıb.
Qeyd olunub ki, 2018-ci ilin aprel ayının 1-nə qədər partiyanın Naxçıvan Şəhər Təşkilatı üzvlərinin sayı 17 min 366 nəfərə çatıb. İlin ilk üç ayı ərzində partiyaya 373 yeni üzv qəbul edilib ki, bunların 363 nəfərini və ya 97,3 faizini 18-35 yaşlı gənclər, 230 nəfərini və ya 61,6 faizini qadınlar təşkil edir.
Hazırda partiyanın şəhər təşkilatı öz tərkibində 152 ərazi ilk təşkilatını birləşdirir.
Şura iclasında ilk partiya təşkilatlarının sədrləri də çıxış ediblər.
Hafizə Əliyeva
NTV Xəbər