NUHÇIXAN xəbər verir ki, AMEA-nın Naxçıvan bölməsi müalicəvi Şorsu palçığını qablaşdıraraq onun əczaxanalarda satılmasını təmin edəcək.
Bununla bağlı keçirilən təqdimat mərasimində AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, hər bir bölgəsi mineral sular, dərman bitkiləri və digər təbii ehtiyyatlarla zəngin olan qədim diyar Naxçıvanda hələ də geniş istifadə üçün təqdim edilməyən təbii müalicəvi vasitələr var. Naxçıvan- Sədərək magistral avtomobil yolunun birinci kilometrində yerləşən Şorsu da belə müalicə qaynaqlarından biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə istehsal edilən müalicə əhəmiyyətli bu palçıq AMEA Naxçıvan bölməsi tərəfindən artıq qablaşdırılıb. Hazırlanan bu vasitə həm palçıq, həm də quru toz formasındadır.
Sonra palçığın hazırlanma qaydasından danışılıb, onun tərkibi və müalicəvi əhəmiyyəti haqqında geniş izah verilib. Bildirilib ki, Şorsu palçığını oynaq nahiyyələrinə sürtüb ən az yarım saat gözləmək lazımdır. Palçıq vasitəsilə periferik sinir sisteminin, dayaq-hərəkət sisteminin, damar, ginekoloji, bir sıra dəri xəstəliklərinin və yanıqlardan sonrakı fəsadlar müalicə olunur. Ondan Naxçıvan Muxtar Respublikası Mərkəzi xəstəxanasında da təbii müalicə metodu kimi istifadə edilir.
Bu təbii müalicəvi vasitə yaxın günlərdə şəhərin bütün əczaxanalarına paylanacaq. Palçığın qablaşdırıldığı paketin və qutunun üzərində onun müalicəvi əhəmiyyəti, istifadə qaydası və kimyəvi tərkibi haqqında məlumat yerləşdirilib.
Gülməmməd Əliyev