Təhsil naziri məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb

858

Təhsil naziri Ceyhun Bayramov 2018-2019-cu dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə əmr imzalayıb.

NUHÇIXAN  xəbər verir ki, əmrə əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və rayon (şəhər) təhsil şöbələrinə tapşırılıb ki, aidiyyəti yerli təşkilatlarla birgə 2018-2019-cu dərs ilində məktəbəhazırlıq qruplarına cəlb olunacaq 2013-cü ildə anadan olmuş uşaqların sayını dəqiqləşdirsinlər, müəllimlərin və ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblərin müəyyənləşdirilməsi üçün müvafiq tədbirlər görsünlər.

Eyni zamanda, təhsil şöbələri məktəbəhazırlıq qruplarının müəllimlərinin, əsasən, diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərmiş və həmin dərs ilində IV siniflərlə işləyəcək ibtidai sinif müəllimləri arasından seçilməsini nəzarətdə saxlamalı və oktyabrın 15-dək əlavə olunan forma üzrə məlumatı və görülən işlər barədə yazılı hesabatı Təhsil Nazirliyinə göndərməlidirlər.

Bundan başqa, məktəbəhazırlıq qruplarına uşaqların qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan, Abşeron, Yevlax, Samux rayon (şəhər) təhsil şöbələri tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərinin məktəbəhazırlıq qruplarına uşaqların qeydiyyatının mektebeqebul.edu.az sistemində aparılması təmin edilməlidir.

Əmrdə qeyd olunub ki, məcburi köçkün rayonlarının məktəblərində müvafiq imkan və şərait, kadr potensialı olmadığı, məcburi köçkün ailələrindən olan uşaqların mövcud sayı bu məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinə əsas vermədiyi hallarda həmin uşaqlar məktəbəhazırlıq təhsilinə ərazi üzrə yerli məktəblərdə cəlb edilməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: