İsti günlərdə qidalanmaya  diqqət yetirilməlidir

260

İsti günlərdə qida zəhərlənmələri tez-tez baş verir.  Çünki yayda qida məhsulları daha tez xarab olur və keyfiyyətini itirir. Diqqətsizlik və laqeydlik nəticəsində bəzən qəbul edilən belə qidalar orqanizmin zəhərlənməsinə səbəb olur. Ona görə də isti günlərdə valideynlər daha diqqətli olmalı, uşaqların keyfiyyətli və zərərsiz qida məhsullarından istifadəsinə çalışmalıdırlar. Zəhərlənmənin baş verməməsi üçün mağazalardan alınan ərzaq məhsullarının və meyvə-tərəvəzin saxlanma şəraitinə, istifadə qaydalarına da diqqət yetirmək lazımdır. İsti günlərdə konservləşdirilmiş məhsullardan və kolbasa məmulatlarından imtina etmək lazımdır. Hər kəs bilməlidir ki, yayda yüngül, neytral, soyuq yeməklərə üstünlük verilməli, qida rasionunda meyvə-tərəvəzi artırmalı və bununla da  zəhərlənmələrin və mədə-bağırsaq xəstəliklərinin qarşısı alınmalıdır.

Bəzi hallarda müxtəlif mərasimlərdə keyfiyyətini itirmiş qidalardan istifadə nəticəsində kütləvi zəhərlənmə halları da baş verir. Buna görə də toy məclislərində bir qədər diqqətli olmaqla sağlamlığınızı qoruya bilərsiniz.

Unutmaq olmaz ki, indi həyətlərdə yetişən meyvə-tərəvəzdən, göyərtidən, bostan məhsullarından daha çox istifadə olunduğuna görə bu məhsullar təmiz yuyulduqdan sonra yeyilməlidir. Yuyulmamış tərəvəzlərdən istifadə etmək özü də ishala, qusmaya, bəzən isə zəhərlənməyə belə səbəb ola bilir.  Yadda saxlamaq lazımdır ki, qida məhsullarını və bişmiş yeməkləri əsasən soyuducuda, qapalı qabda saxlamaq lazımdır.

Əgər uşaqda, yaxud da böyüklərdə  hər hansı bir səbəbdən zəhərlənmə və ya mədə-bağırsaq xəstəliyi baş verərsə, bu, ilkin vaxtlarda ürəkbulanma, qusma, ishal, ümumi zəiflik, baş gicəllənməsi ilə özünü büruzə verir. Belə hallarda xəstəyə çoxlu miqdarda (2-3 litr) ayran içirməli, ilıq su ilə xəstənin mədəsi yuyulmalıdır. Həmçinin bağırsaqlar təmizlənməli, işlədici vasitələrdən istifadə edərək xəstəyə ilkin tibbi yardım göstərilməlidir. Bundan sonra dərhal həkimə müraciət edilməlidir.

Yay aylarında şəxsi gigiyena qaydalarına riayət edilməsi də sağlamlıq üçün ən vacib şərtdir. Əllərin, məişət qablarının, otaqların təmizliyinə diqqət yetirilməli, dırnaqların vaxtında təmizlənməsi nəzərdən qaçırılmamalıdır. Bir sözlə, şəxsi gigiyena qaydalarına əməl olunmalıdır.

Unutmayın ki, hər hansı bir səbəbdən zəhərlənmələr baş verərsə, bu,  bəzən acı nəticələrə səbəb ola bilər. Ona görə də isti günlərdə hər kəs sağlam və xoş əhval-ruhiyyə ilə vaxtını keçirmək istəyirsə, onda qidalanmasına və şəxsi gigiyena qaydalarına diqqət yetirməlidir.

Turac Xudiyeva

                                      Şahbuz rayon Mərkəzi Xəstəxanasının həkimi

“Oğuz səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: