Çinarlar qatar-qatar…

375

Yaşıllıq bugünkü şəhərsalmanın əsas xüsusiyyəti və ayrılmaz hissəsidir. Müasir şəhərlərin layihələndiriliməsində  parklar və yol kənarında ağacların əkilməsi üçün sahələr mütləq nəzərə alınır.  Bu həm estetik baxımdan yaraşıqlı görünür, həm də çoxsaylı insanların və avtomobilləri olduğu  şəhərlərin havasının çirklənməsinin qarşısını alır. Maraqlı fakt odur ki, şəhərlərdə əkilən ağacların da seçimində fərq var. belə ki, daha çox oksigen istehsal edən və fotosintez prosesi düzgün gedən ağaclara üstünlük verilir. O da faktdır ki, insanlar kimi ağaclar da müəyyən yerlərə, coğrafiyaya məxsus olmaqla sanki oranın daimi “vətəndaşı” statusu alırlar. Azərbaycanda, o cümlədən onun ayrılmaz hissi olan Naxçıvanda da elə ağaclar var ki, onlar yerli şəraitdə  daha yaxşı böyüyür və kontinental iqlimə asanlıqla uyğunlaşırlar. Son illər Naxçıvanda gedən yaşıllaşdırma və meşəsalma işlərinin  miqyasının genişliyi bəlkə də dünyada analoqu olmayan bir uğurla aparılır.  4 faiz yaşıllığa malik olan muxtar respublikada indi salınan meşələr və yaşıllıqların hesabına bu rəqəm 14 faizə çatıb. Təbii ki, bu işdə ağacların növləri və dözümlüyü də mütləq nəzərə alınır.

Ümumiyyətlə Naxçıvan Muxtar Respublikasında ağac əkmə və bağ salma min illərin ənənəsidir. Bu gün də dünyada yaxşı tanınan Ordubad meyvələri ən yaxşı misaldır. Naxçıvan şəhərində nə zamansa salınan və yaşı bilinməyən böyük bağlar, parklar bu işin həmişə diqqətdə olduğunu göstərir. Naxçıvanda ağaclara həmişə sayğı və diqqətlə yanaşılıb. Hətta bəzi ağaclar var ki, müqəddəs sayılır və onları kəsmək yanlış hal hesab olunur. Tut, əncir və çinar ağaclarını buna misal göstərmək olar. Son illər Naxçıvanda digər ağaclarla yanaşı  çinarların da əkilməsi ənənə halını alıb. Niyə məhz Çinar? Bir qədər bu suala aydınlıq gətirək.

Çinarə Azərbaycanın demək olar ki, bütün bölgələrində həmişə ehtiramla yanaşılıb. O, hətta əksər şairlərin şerlərinə mövzu obyekti olub. Çinar folklorda, eləcə də xalq arasında daha çox “Xan çinar” adı ilə tanınır. “Xan çinar” “yerə, göyə hakim olan” kimi anlaşılır. Bu ifadə də mifoloji təfəkkür sistemi ilə bağlı komponentdir. Müqəddəs sayılan ağaclar arasında çinar ən uzunömürlü ağacdır. İnsanlar arasında da o, uzunömürlülüyü simvolizə edir. Bu inanc yuxu yozumlarında da özünü göstərməkdədir. Yaşlı insanlar həmişə deyir ki, bir at, bir də çinar ağacını yuxuda görənlər muradına çatar. Bəli, yuxuda yaşıl çinar ağacı görən insanların yuxuları da gerçəkdə olduğu kimi uzunömürlülüyə, bol qazanca işarədir. Mifologiyamızda bu ağacın adına yenə rast gəlirik. Belə ki, inanca görə, çinar ağacı yarpağını ətəkdən töksə, həmin il qış ağır keçər. O yarpaqlar ki, sanki insan əlinin beş barmağını xatırladır. Çinarda məhz elə mifik görüntünü yaradan məqamlardan biri də bu faktdır. Boyu göylərə çatan enli yarpaqlı çinar ağacının kölgəsi isti yaya genlərində  ən sərin yer sayılır.

Bəli, çinar deyilən zaman insanların ağlına ilk olaraq onun geniş qanadlarının kölgəsi,  yarpaqlarının xəfif əsintiylə yaratdığı sərinlik gəlir. Bu gün Naxçıvan-Şahbuz magistralının sağ və solunda on kilometrlərlə məsafədə çinarlar əkilib. Yaxşı qulluq edildiyi və yerli iqlimə uyğunlaşdığı üçün artıq bu çinarlar əməllicə böyük ağaclara çevrilib. Biz zaman Azərbaycanın ən böyük Çinar meşəliyi Zəngilanda idi. Amma Ermənistanın təcavüzündən sonra bu meşəlikdən demək olar ki, əsər-əlamət qalmayıb. Ermənilər bu ağacları vəhşicəsinə doğrayaraq  məhv ediblər.   Naxçıvanda əkilən çinarlar isə bir müddətdən sonra bu boşluğu doldurmaq qüdrətində olacaq.

Çinarın bir ağac kimi əkilməsinin üstünlüyü də çoxdur. Məhz buna görə də muxtar respublikada son illər  yaşıllaşdırmada çinarlara üstünlük verilir. Bu ağac uzunömürlüdür. Üstünlüklərdən biri də odur ki, böyüyəndə geniş ərazini tutduğu üçün  bir birindən 15-20 metr aralıda əkilir. Nəticədə bir neçə ağac yüz kvadrat metrə yaxın ərazini əhatə edə bilir. Çinarın ağımtıl yaşıla çalan gövdəsi və yaşıl yarpaqları həm də estetik baxımdan gözəl görünür. Bu gün də Ordubad şəhərinin simvolu sayılan, çeşmələrin başında, məscidlərin həyətində əkilən çinar ağaclarının yüzlərlə yaşı var. Hətta bəzi çinarların  ömrünün  bir eraya çatdığı da iddia olunur. Ordubad şəhərində və ətrafdakı kəndlərdəki yüz yaşlı çinarların çətiri altında yüzlərlə insan otura və istirahət edə bilər.. Ordubadın Vənənd kəndində diametri 11 metr olan çinarın geniş koğuşunda  bir zamanlar qəssabxana, çayçı və məişət xidməti fəaliyyət göstərib. Hətta 1918-ci ildə Ordubada hücum edən ermənilərlə mübarizədə yerli insanlar üçün bu çinarlar sipər rolunu da oynayıb. Amma bütün bunlara baxmayaraq bu müqəddəsləşən ağaclar hələ də yamyaşıl örtüyü ilə doğma diyarı həm sərinlik, həm də təmiz oksigenlə təmin edir.

Bütün bunlar Çinarın gözlə görünən xüsusiyyətindən, faydalarındandır. Onun insanlığa başqa bilinən, yaxud da bilinməyən faydaları da var. Belə ki, xalq təbabətində daha çox yarpaqlarından istifadə olunur. Ağacın yarpağından hazırlanan qarışım sayəsində, revmatizma, daşlaşma və depressiya və bir çox xəstəliyi müalicə edilir.  Bundan əlavə, hüceyrə yeniləyici xüsusiyyəti sayəsində ondan yanıqlar zamanı da istifadə edilir. Saç dərisini yaxşılaşdıraraq saçlardakı kəpəklərin qarşısını alır və saçları gücləndirir. Sədəf xəstəliyinə yaxşı təsir edir. Bədəndə şiş əmələ gəlməsini azaldır. Diş ağrılarını azaltmada təsirlidir və diş əti müalicəsində istifadə edilir. Çox zaman dəmləmə şəklində qəbul edilir.

Şəhərdə yol kənarlarında əkilmiş əzəmətli çinar ağacları. Yaşıl, canlı, bir-birinə sığınaraq, bir-birini oxşayaraq pıçıldaşan, küləkdə, yağışda, seldə bir-birinə kömək,  dayaq, hər yarpağında quşların nəğməsi səslənən, budaqları isə hava səngəri olan çinarlar. Son illərdə  əkilən  bu ağaclar  sudan, havadan, işıqdan qidalanmaqla yanaşı, həm də insan  qayğısından  bəhrələnirlər.

Vaxt gələcək, əkilən hər bir fidan, cavan ağaclar da böyüyüb əzəmətli olacaq. Çöllərə  yaraşıq,  insanlara  sevinc  bəxş  edəcək. Hə, bir- neçə il sonra yorulanda kölgəsində dincəyəcəyimiz nə qədər çinar ağaclarımız olacaq. Bunun nəyi pisdi ki?  Çinarlar şəhərinin sakinlərinin də çinar kimi uzunömürlü olması diləyilə

                                                                              Fatma BABAYEVA 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: