Yayda yaylağımdır, qışda oylağım…

352

 Xaliq əmi işinə dəqiq adamdır. Vədələşdiymiz kimi, səhər üzü saat beşdə bizi evdən götürdü. Böyük oğlu İsmayılı da özüylə götürmüşdü ki, yaylaqda əlindən-qolundan yapışsın. Salamlaşıb, yeni aldığı “Niva” markalı avtomobilə xeyirli olsun, deyirəm. Qahab kəndində hər kəs onu zəhmətkeş, əliqabarlı təsərrüfat adamı kimi tanıyır. Təzə maşını da elə təsərrüfatdan əldə etdiyi qazanc hesabına alıb. “Hə, Xaliq əmi. Bu ilki yaylaq mövsümü necədir? Neçə ildir ki, ailə-uşaqla  birlikdə arandan yaylağa köçürsən. Çətin deyil ki?”- deyə soruşuram. Xaliq əmi bığaltı gülümsəyir: Elə əzəldən, dədə-babadan  yaylaq mövsümü yaxınlaşanda hamının keyfi açılırdı.  Hər kəs bu mərasimə çox ciddi hazırlaşırdı. Əvvəllər kəndimizdə dağa , yaylağa araba ilə yük daşınırdı. Amma o da  çox az idi. Yaylağa köç edənlər şey-şüylərini adətən atla, ulaqla daşıyırdılar. Araba ilə köç aparmaq çox əziyyətli iş idi. Belə baxanda köçü yaylağa sağ-salamat aparıb çıxarmaq hər oğulun işi deyildi. Bu bir tərəfə qalsın, əvvəllər yaylağa qalxmaq əməlli başlı müşkül məsələyə çevrilmişdi. Yaylaq yerlərimiz ermənilərlə sərhəddə olduğu üçün bir qədər tərəddüd edirdik. İmkan vermirdilər ki, sürüləri rahat otaraq. Ona görə də çox vaxt mövsümü aranda keçirirdik. Yuxarı qalxanda isə ehtiyat edib, ailə uşağımızı aparmırdıq. Yır-yığış edib elə kişilər yola düzəlirdik. Bu da təbii ki, çətin olurdu bizim üçün. Həm mal heyvanı otarmaq, həm sağmal heyvanları sağmaq, qışa hazırlıq görmək hamısı bir yerə çətin idi. İndi şükür, çox şey dəyişib. İndi o dağların zirvəsində  Azərbaycan əsgəri “at oynadır”. Arxyanlıqdır. İndi təsərrüfat sahiblərinin hər birinin ayağının altında maşını var. Vaxtında  tədarükümüzü görüb yola çıxırıq. Şüşə kimi rahat yol, yaylaqda da  əmin-amanlıqdır.  Hər il bəslədiyim toğlulardan birini əsgərlərimiz üçün kəsirəm. Bəs necə olmalıdır? Bu əsgərin hesabına mərmi səsi bu yerlərə yaddır. Buna görə də ürəyin nə qədər istəyir, qoyun-quzu saxla, arı ailələrinə qulluq elə. Yaylaqlarda  Nehrəm, Qahab, Naxışnərgiz, Zeynəddin və başqa kəndlərdən olan təsərrüfat sahibləri köç salıblar.

Söz-sözü ip kimi çəkir, Xaliq əmi şirin söhbəti ilə yola körpü salır. Dağlar arasından ilan kimi qıvrılan yolla yuxarı qalxdıqca təbiət və hava başqalaşır, insan ətrafdakı mənzərəyə heyranlığını gizlədə bilmir. Yol boyu çöllərə döşənmiş otların arasından süzən kəklik, qaçan dovşan gözümüzdən yayınmır. İrəlidə bundan da gözəl mənzərələr bizi gözləyir. Abdulla Şaiqin “Köç” əsərində deyildiyi kimi: “Azərbaycan, doğma Vətənimin necə də gözəl təbiəti vardır. İnsan bu təbiətdən zövq alır, onu ürək dolusu yaşayır.” Budur, uzaqda – dağın yamacında beş-on alaçıqdan ibarət oba görünür. Deməli ünvana yetişmişik.Yəni Batabat yaylağının Vayxır yurduna. Günəş dağların arxasından boy göstərir, səma əlvan rəngə boyanır. Günəş şüalarının parıltısı Batabat gölünün ləpələrində əks olunaraq bulud kimi axır. Biz obaya varıb toxtayanda öyrəndik ki, çobanlar qoyun-quzunu çoxdan otlaqlara qaldırıblar. Çünki hava isinəndə sürü çox da uzağa gedə bilmir. Çobanlar deyirlər ki, qoyun quzu nə yeyirsə, səhərin şehində günəş çıxanadək yeyir. Ona görə də gərək necə deyərlər, bir az yuxumuza haram qataq. Bu məkanın təmiz havası, geniş otlaq sahələri, buz bulaqları imkan verir ki, qoyun quzu payıza kimi yaxşı bəslənsin. Bu yurddakı obalarda hər kəsin öz işi var. Qadınlar qışın azuqəsi olan  motal pendirini, qarın yağını, qurudu elə  yaylaqda hazırlayırlar. Ayrıca qoyun pendiri, süzmə, qaymaq, xama ,  nələr və nələr. Böyüklərdən bu əməkseverliyi əxz edən balacalar da işsiz durmurlar. Təbiətin özü ilə vəhdətdə, əli qabarlı insanların arasında biz də vaxtın necə keçdiyini bilmədik. Bir də baxdıq ki günortadır. Günün günorta olduğunu isə qoyun-quzunun mələşə-mələşə arxaca döndüyü an bildik. Quzuların quyruqlarını oynada–oynada analarının yanında atılıb-düşməyini seyr etməyin də bir başqa yeri var. Sağım qurtaranadək dincini alan çobanlar yenidən çöllərə üz tutdular. Həmişə olduğu kimi, şəhərdə yaşayanların çoxu yay aylarında dincəlmək üçün yır-yığış edib obalara gəlirlər. Yay vaxtı Naxçıvandakı Batabat, Qanlıgöl, Dəmirli və başqa yaylaqların laləzarını, saf bulaqlarını heç nə ilə əvəz etmək olmaz. Bu tərəflər Allahın insanlara bəxş etdiyi bir cənnət misalıdır.  Ona görə də insanlar da burada təbiətlə qol-boyundurlar. Dağ yerində təndir çörəyinin də dadı başqadır. Səhər o başdan xamır yoğrulur, təndir qalanıb və Məmməd Araz demiş:“bu minvalla çörək bişib, çoban çörəyi. Halaldı bu çörək, baldı bu çörək”…Dağda hazırlanan çörəyin arasına pendir və çay kənarlarından toplanan yarpızı qoyub dürməkləyib yeməyin yerini heç nə verə bilməz. Üstəgəl, yaylaqdakı dişgöynədən Daşbulaq, Həkim bulağı və neçə-neçə çeşmələrin  suyundan və qoyun qatığından hazırlanan buz kimi ayranın dadına çatan ikinci bir içki növü tapmaq olmaz. Ekoloji cəhətdən təmiz və saf qidalarla bəslənən oba sakinlərinin obrazlı desək, “yanaqlarından qan damlayır”.

Bir şeyi müşahidə edirik, burda  hər kəs iş üstündədir. Çətin ki, yaylaqda boş dayanan, iş-güclə məşğul olmayan adam tapasan. Özü də şəraitlərinə də söz olan bilməz. Əksər çadırların yaxınlığında elektrik mühərrikləri var. Çanaq antena, plazma televizor…İlk baxışdan dağ yerində bu terminlər adama qəribə gəlir. Amma bunlar təsərrüfat sahiblərinin zəhmət və alın tərinin bəhrəsidir.

Yaylaqda bir yay gününü başa vururuq. Çünki burada hər şey təbiidir. İstirahətindən tutmuş, yediyin qidayadək. Beləliklə, günəş Arazın başı üzərindən saçlarını yır-yığış edərək sabah yenidən doğmaq üçün qüruba enir. Yola düzəlirik və obalar arxamızda qalır. Bu an qeyri ixtiyari olaraq Aşıq Ələsgərin yaylaq şeirindən yadımda qalan bir bəndi zümzümə edirəm:

  Gözəllər seyrəngahısan,

  Görüm səni var ol, yaylaq!

  Açılsın gülün, nərgizin,

  Təzə müşgüzar ol, yaylaq!

Muxtar Rzabəyli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: