Qarabağlar türbəsini inşa etdirən qadın kim olub

564

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 4 iyul tarixli Sərəncamına əsasən bərpa olunan Kəngərli rayonundakı Qarabağlar Türbə Kompleksinin açılış mərasimində iştirak edən Ali Məclisin Sədri ­cənab Vasif Talıbov çıxışında türbə kompleksi haqqında tədqiqatların davam etdirilməsini, yeni məlumatlar əldə olunmasını və geniş ictimaiyyətə çatdırılmasını tədqiqatçılar qarşısında mühüm bir vəzifə kimi qoymuşdur.

Çıxışında “Bu gün biz abidələri təkcə mədəni irsimiz kimi yox, həm də dövlətçilik tariximizin bir hissəsi kimi öyrənməliyik” tövsiyəsi ilə tarix-mədəniyyət abidələrinin tədqiqində yeni istiqamət müəyyənləşdirən Ali Məclisin Sədri demişdir: “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Mədəniyyət Nazirliyi ilə birlikdə Qarabağlar Türbə Kompleksində tədqiqat işlərini daha da genişləndirməli, tarixi materiallar toplanmalı, yeni elmi yanaşmalar ortaya qoyulmalı, bura eksponatlarla daha da zənginləşdirilməlidir”. Həmçinin qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu “Qarabağlar Türbə Kompleksi” kitabının nəşrini başa çatdırmalı, abidənin tanıdılması istiqamətində tədbirlər görülməli, maarifləndirmə işi aparılmalıdır.

Ali Məclis Sədrinin qarşıya qoyduğu bu vəzifələrin uğurlu həllinə nail olmaq üçün alimlərimiz Qarabağlar Türbə Kompleksi ilə əlaqədar tədqiqatları genişləndirməli və onun haqqında xalqımıza yeni, hərtərəfli və obyektiv məlumatlar çatdırmalıdır. Elmi ictimaiyyət və əhali arasında kompleksin özəyini təşkil edən türbəni inşa etdirən qadın haqqında müxtəlif fikirlər olduğu üçün biz, ilk olaraq, onun haqqında fikirlərimizi geniş oxucu auditoriyasına çatdırmaq istərdik.

XII-XIV əsrlərdə indiki Kəngərli rayonunun Qarabağlar kəndində inşa edilən və yerləşdiyi yaşayış məskəninin adı ilə şərti olaraq Qarabağlar Türbə Kompleksi adlandırılan bu abidə XIX yüzilliyin 30-cu illərindən tədqiqatçıların diqqətini cəlb edib. Həmin vaxtdan başlanan tədqiqatlar XX yüzillikdə və XXI yüzilliyin əvvəllərində də davam etdirilib, abidə müxtəlif tədqiqatçılar tərəfindən memarlıq və epiqrafik baxımdan dəfələrlə tədqiq olunub. Abidəni tədqiq edən memarlar onun memarlıq quruluşu haqqında yekdil fikirdə olsalar da, kompleksə daxil olan abidələrin üzərində qalan kitabələr, onların məzmunu haqqında müxtəlif fikirlər söylənir. Başqa sözlə desək, çox hissəsinin dağılması səbəbindən bu kitabələri hərə bir cür oxuduğu üçün, nəticədə, türbə kompleksin təyinatı, sifarişçisi, kimin şərəfinə inşa edilməsi və sair haqqında ziddiyyətli fikirlər yaranıb. Bu da, öz növbəsində, tədqiqatçılar, xüsusilə epiqrafika ilə məşğul olmayan alimlər arasında fikir ayrılığına gətirib çıxarıb, yanlış nəticələrin yaranmasına səbəb olub. Bu, özünü ən çox kompleksə daxil olan və giriş qapısı rolunu oynayan qoşa minarəli baştağın üzərində yarımdağılmış vəziyyətdə qalan və kompleksə daxil olan türbəni inşa etdirən şəxsin – qadının adı ilə bağlı olan kitabədə göstərir.

Qarabağlar Türbə Kompleksinə daxil olan qoşa minarəli baştağın üzərindəki kitabə dağılmış, zəmanəmizədək çox az hissəsi qalmışdır. Müxtəlif vaxtlarda tədqiqatçılar tərəfindən öyrənilmiş həmin kitabəni və kitabədə adı qeyd olunan qadının adını hər tədqiqatçı bir cür oxuyub. Həmin qadının adını İsa Əzimbəyov (Məddah) Quzey xatın, Mirbağır Mirheydərzadə və Məhəmməd Rəsizadə Kevzi xatın, Konstantin Smirnov Kuzi xatın kimi oxuyub.

Kitabənin ən mükəmməl oxunuşunu tarix üzrə fəlsəfə doktoru Əjdər Ələsgərzadə həyata keçirib, orada adı xatırlanan qadının Cahan Qudi xatın olduğunu müəyyən edib. Alim 1947-ci ildə nəşr etdirdiyi məqaləsində kitabənin mətnini “Bu binanın tikilməsini … Cahan Qudi xatın əmr etdi” kimi təqdim edib. Əjdər Ələsgərzadədən, təxminən, 50 il sonra kitabəni tədqiq edən AMEA-nın müxbir üzvü Məşədixanım Nemətin 2001-ci ildə elmi dövriyyəyə daxil etdiyi mono­qrafiyasında verdiyi məlumatdan aydın olur ki, kitabənin mətni Əjdər Ələsgərzadədə olduğu kimidir. Biz də əksər hissəsi dağılsa da, qalan hissəsi çox aydın şəkildə oxunan kitabəni bir neçə dəfə yerində tədqiq edən bir tədqiqatçı kimi deyə bilərik ki, kitabənin Əjdər Ələsgərzadə və Məşədixanım Nemət tərəfindən həyata keçirilən oxunuşu düzgündür və orada xatırlanan qadının adı Qudi xatındır.

Qeyd etmək lazımdır ki, bəzi tarixi və memarlıq ədəbiyyatlarında da bu kitabədə özünə yer alan qadının adı ilə əlaqədar məlumat verilib və həmin qadının Elxani hökmdarı Hülakü xanın oğlu Abaqa xanın arvadı Qoday xatın olması fikri irəli sürülüb. Düşünürük ki, burada bir məsələyə aydınlıq gətirməkdə fayda vardır. Bu da Qudi xatının kimliyi məsələsidir. Bəzi tədqiqatçılar bu qadının Elxani hökmdarlarından Abaqa xanın arvadı Koday və ya Qoday xatın olması fikrindədir. Ancaq XIII-XIV əsrlərdə yaşayıb, Elxanilər sarayında həkim və vəzir işləmiş Fəzlullah Rəşidəddinin “Cami ət-Təvarix” (“Tarixlər toplusu”) əsərində Abaqa xanın arvadları haqqında verdiyi məlumatlardan görünür ki, onun Koday və ya Qoday xatın adlı arvadı olmayıb. Ona görə də bu fikirlə razılaşmaq olmaz. Bizcə, qaynaqlarda Kutuy, bəzən də Quti xatın adı ilə xatırlanan qadın Abaqa xanın deyil, Elxanilər dövlətinin banisi Hülakü xanın arvadı, Abaqa xanın isə analığı olub. Bu fikri bizə qədər gəlib çatmış qaynaqlar da təsdiq edir. Fəzlullah Rəşidəddinin yazdığına görə, Hülakülər (Elxanilər) dövlətinin banisi Hülakü xanın arvadlarından birinin adı Kutuy xatın olub. Fəzlullah Rəşidəddinin adıçəkilən əsərinin ikinci cildində bəzən “Quti xatın” kimi xatırladığı, sarayda böyük nüfuza malik olan Kutuy xatın ağlı və bacarığı sayəsində oğlu Sultan Əhmədin iki il iki ay on üç gün davam edən hakimiyyəti dövründə (1282-1284-cü illər) dövlətin idarə olunmasında iştirak edib. Fikrimizcə, qoşa minarəli baştağın kitabəsində adıçəkilən Qudi xatın mənbələrdə Kuti və ya Kutuy xatın şəklində xatırlanan qadınla eyni şəxsdir.

Kitabədə tarix qalmayıb. Ancaq minarələri tədqiq edən memarlar onların XII əsrdə inşa edilməsi fikrindədirlər. Akademik Əbdülvahab Salamzadə və sənətşünaslıq doktoru Kamil Məmmədzadənin fikrincə, bu minarələri birləşdirən baştağ isə sonralar, XIV əsrdə tikilib. Bu fikri baştağın üzərindəki kitabədə Hülakü xanın arvadı Qudi xatının adının qeyd edilməsi də təsdiq edir. Bu qeydə əsasən də aydın olur ki, qoşa minarələri birləşdirən baştağ həmin qadının yaşının qocalıq dövrünə təsadüf edən XIV əsrin 30-cu illərində inşa edilib.

Bir məsələnin üstündə xüsusi dayanmaq istərdik. Müasir dövrdə mövcud ədəbiyyat materiallarından istifadə edərək Qarabağlar Türbə Kompleksi haqqında məqalə hazırlayan bəzi müəlliflər Qarabağlar türbəsinin Qudi xatının şərəfinə inşa edildiyini yazırlar. Halbuki kitabədən çox aydın şəkildə məlum olur ki, türbə Qudi xatının şərəfinə yox, onun əmri ilə tikilib. Bu iki fikrin arasında isə çox fərq vardır. Abidə kiminsə şərəfinə tikildikdə o, həmin adamın qəbri üzərində inşa olunurdu. Bunun ən gözəl nümunəsini Əcəmi Naxçıvaninin Naxçıvan şəhərində 1162-ci ildə inşa etdiyi Yusif Küseyr oğlu və 1186-cı ildə ucaltdığı Möminə xatın türbəsinin timsalında görürük. Hər iki abidənin kitabəsindən aydın olur ki, bu türbələr Yusif Küseyr oğlunun və Möminə xatının xatirəsinə – şərəfinə inşa etdirilib. Ona görə də birinci tarixi abidə elmi ədəbiyyatda Yusif Küseyr oğlu, digəri isə Möminə xatın türbəsi adlandırılır. Bəzən əhali arasında Möminə xatın türbəsinə “Atabəylər türbəsi” də deyilir. Bu isə əhalinin fikrincə, türbənin sərdabəsində Möminə xatından sonra əri Şəmsəddin Eldənizin və oğlu, Azərbaycan Atabəyləri dövlətinin ikinci hökmdarı Atabəy Məhəmməd Cahan Pəhləvanın da dəfn olunması, həmçinin abidənin Atabəy hökmdarlarının əmri əsasında inşa edilməsi ilə əlaqədardır.

Məsələyə bu baxımdan yanaşdıqda aydın olur ki, Qarabağlar türbəsinin Hülakülər dövlətinin banisi Hülakü xanın arvadı Qudi xatının şərəfinə inşa edilməsi fikri yanlışdır. Çünki Qudi xatın bu türbənin sərdabəsində dəfn olunmayıb, onun kiminsə şərəfinə tikilməsini əmr edib. Təəssüf ki, kitabənin çox hissəsi dağılaraq məhv olduğu üçün bu məsələni, yəni türbənin kimin şərəfinə inşa etdirilməsini müəyyən etmək mümkün olmayıb. Həmçinin burada bir fikri də vurğulamaq lazımdır ki, bəzən şifahi danışıqlarda, hətta nəşr olunan kitab və məqalələrdə Qarabağlar türbəsi “Qudi xatın türbəsi” adlandırılır. Yuxarıda verdiyimiz izahdan göründüyü kimi, türbənin belə adlandırılması onun tikilməsini əmr edən qadının adı ilə əlaqədardır.

Bütün bu deyilənləri ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, Qarabağlar Türbə Kompleksinə daxil olan qoşa minarəli baştağın üzərində “Bu binanın tikilməsini… Cahan Qudi xatın əmr etdi” sözləri yazılıb. Kitabədən aydın olur ki, kompleksin özəyini təşkil edən və Azərbaycan memarlığının ən gözəl nümunələrindən olan türbə Elxani hökmdarı Hülakü xanın arvadı Qudi xatının şərəfinə deyil, onun əmri ilə inşa edilib. Ona görə də kitabənin əsas hissəsinin dağılması səbəbindən abidənin kimin şərəfinə inşa edildiyini aydınlaşdırmaq mümkün olmadığı üçün onun yerləşdiyi yaşayış məskəninin adı ilə Qarabağlar türbəsi, kompleksin isə Qarabağlar Türbə Kompleksi ­adlandırılması daha məqsədəuyğundur.

Fəxrəddin SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: