Dövlət Sərhəd Xidməti Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimi keçirilib

270

2018-ci ildə yaradılmasının 11-сi ildönümünü qeyd edən Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyası böyük inkişaf yolu keçərək qabaqсıl hərbi təhsil müəssisəsi səviyyəsinə yüksəlib. Bu müddət ərzində DSX-nin Akademiyasında Azərbaycan dövlətçiliyinə sədaqətli, peşəkar sərhədçi zabitlərin hazırlanması, hərbi qulluqçuların döyüş hazırlığının təkmilləşdirilməsi, dövlət sərhədinin mühafizəsi və hərb sahəsində elmi tədqiqatların aparılması üçün mükəmməl elmi-pedaqoji potensial və ən yüksək standartlara cavab verən maddi-texniki baza formalaşdırılıb.

DSX-nin mətbuat mərkəzindən NUHÇIXAN-a bildiriblər ki, iyulun 10-da Dövlət Sərhəd Xidməti Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.

Ənənəvi olaraq Dövlət Bayrağı Meydanında təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev gənc zabitləri təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb, tövsiyə və tapşırıqlarını verib. Xidmət rəisi Azərbaycanın hər bir sərhədçisi kimi onların da dövlətçilik ənənələrinə daim sadiq olacaqlarına, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsi naminə əzmlə xidmət edəcəklərinə, Azərbaycan sərhədçisi adını daima uca tutacaqlarına inamını ifadə edib.

General-polkovnik Elçin Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təkcə 2018-ci il ərzində iki dəfə Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrinə səfərlərinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın DSX-nin Xüsusi Məktəbinin yeni korpusunun açılış mərasimində iştirakının Dövlət Sərhəd Xidmətinə göstərilən ali diqqətin növbəti ifadələri olmasını xüsusi vurğulayıb.

Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən bu qayğı sayəsində əldə olunmuş xidməti nailiyyətlərdən danışan general-polkovnik Elçin Quliyev dövlət bayrağımızın qısa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacağını, Heydər Əliyev dövlətçiliyinin əsgəri olan Azərbaycan sərhədçilərinin Ali Baş Komandanın bütün əmr və göstərişlərini ən yüksək səviyyədə icra etməyə hər an hazır olduqlarını bildirib.

Akademiyanı bitirən leytenantlara diplomlar təqdim olunub və gənc zabitlər “Sərhədçi andı”nı qəbul ediblər. Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçiblər.

Mərasimdən sonra gənc zabitlər Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: