Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi xalqımızın qədim və zəngin dövlətçilik tarixinə böyük ehtiramın göstəricisidir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərlər miras qoyub. Ulu öndərimiz Heydər Əliyev bunu həmişə yüksək dəyərləndirirdi.
Prezident İlham Əliyevin imzaladığı Sərəncamda deyilir: “…Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb”. Bu zəmin 1991-ci ildə gerçəkləşdi, Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu.
“Azərbaycan Xalq Cümhuriyyəti İli” – 2018-ci il həm də Azərbaycan Ordusunun 100 illik yubiley ilidir.
NUHÇIXAN bu münasibətlə Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti, polkovnik Atamalı Şahbazovun növbəti məqaləsini təqdim edir.
Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalaşmasında, inkişafında və yüksək döyüş qabiliyyətli orduya çevrilməsində son dərəcə mühüm xidmətlər göstərmiş hərbçilərdən biri də general-leytenant Məmməd bəy Sulkeviçdir. Çar ordusunda zəngin hərbi təcrübə əldə edərək general-leytenant rütbəsinə qədər yüksələn M.Sulkeviç Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarov tərəfindən ölkəmizə dəvət edilib. S.Mehmandarov general M.Sulkeviçin Cümhuriyyət ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan hökuməti qarşısında vəsatət qaldırıb.
Milliyyətcə Polşa tatarlarından olan Məmməd bəy (Masey) Sulkeviç 1865-ci il iyunun 20-də Polşanın Kemeyşi malikanəsində dünyaya göz açıb. Atası Aleksandr Sulkeviç qusar alayında polkovnik hərbi rütbəsində xidmət edib. İlk hərbi təhsilini Voronej kadet korpusunda və Mixaylov artilleriya məktəbində əldə edən Məmməd bəy (Masey) Sulkeviç 1886-cı ildə çar ordusunda hərbi xidmətə başlayıb və elə həmin ildə də ilk zabit rütbəsini alıb. 1894-cü ildə Rusiya İmperiyasının Baş Qərargahının Hərbi Akademiyasını bitirən gənc zabit 1910-cu ildə general-mayor, 1915-ci ildə isə general-leytenant hərbi rütbələrinə layiq görülür. O, 1900-1901-ci illər rus-çin və 1904-1905-ci illərdə rus-yapon müharibələrində iştirak edib. Rus-yapon müharibəsində azərbaycanlı generallar Səməd bəy Mehmandarov və Əlağa Şıxlinski ilə tanış olur. Birinci Dünya müharibəsində isə əvvəlcə korpusun qərargah rəisi, daha sonra Şimal cəbhəsinin 3-cü piyada diviziyasının və 37-ci piyada korpusunun komandiri vəzifələrində xidmət edib. Hərbi xidmətlə yanaşı, xeyriyyəçilik fəaliyyəti ilə də məşğul olan general Polşa tatarlarının etnoqrafiyasının tətqiqində və təbliğinə, həmin araşdırmaların dövri mətbuatda dərc olunmasına yardım edib. Məhz 1902-ci ildə onun təşəbbüsü ilə Peterburq Universitetinin polşalı professoru şərqşünas Muxlinckinin “Litva tatarlarının mənşəyi və vəziyyəti haqqında elmi araşdırma” kitabına “Ön söz” yazıb. M.Sulkeviç həmin kitabın Odessa hərbi dairəsinin tipoqrafiyasında çapı ilə bağlı bütün xərcləri öz üzərinə götürüb.
Fevral inqilabından sonra – 1917-ci ilin iyulunda Kazanda Rusiya müsəlmanlarının qurultayında yaradılan əsgəri şuraya rəhbərlik edən M.Sulkeviç Müvəqqəti hökumətin qərarı ilə Rumıniya cəbhəsindəki hərbi hissələrdəki üç diviziyanın tərkibində müsəlman korpusunun yaradılmasına başlayıb və həmin birləşmənin komandiri vəzifəsinə təyin edilib. Həmin korpusun komandir heyəti əsasən Polşa tatarlarından təmsil olunmuşdu.
General-leytenant Məmməd bəy Sulkeviç 1918-ci ilin son aylarına kimi Krımda yaradılmış yerli hökumətin Baş naziri, eyni zamanda, müdafiə və daxili işlər naziri kimi fəaliyyət göstərib.
Tam artilleriya generalı Səməd bəy Mehmandarov Rusiya ordusunda yaxşı tanınan və savadlı türk-müsəlman əsilli hərbçilərin Azərbaycan Xalq Cümhuriyyəti ordusuna cəlb edilməsini daim diqqət mərkəzində saxlayıb. Məhz bu səbəbdən hələ rus-yapon müharibəsindən tanıdığı generalı böyük məmnuniyyətlə Cümhuriyyət ordusuna dəvət edib.
S.Mehmandarov onun Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsini nəzərdə tutmuşdu. M.Sulkeviçə qədər Cümhuriyyət ordusunda Baş Qərargah rəisi vəzifəsi yox idi və bu vəzifə sahibinin görməli olduğu işlər başqa vəzifədə olan zabitlər tərəfindən yerinə yetirildi.
Ordunun Baş Qərargah rəisi vəzifəsinin təsis edilməsi ilə bağlı hərbi nazir Səməd bəy Mehmandarov hökumətə ünvanladığı məktubda göstərirdi ki, qoşunun təlim və döyüş hazırlığının artırılması işlərinin, cari məsələlərin, təsərrüfat problemlərinin bir qurumda, yəni, həmin dövrdə mövcud olan Ümumi Qərargahda birləşdirilməsi gözlənilən nəticəni vermir. Ordu böyüdükcə onun təsərrüfat məsələləri, təchizat və təminat qayğıları da artır. Onların həlli xeyli vaxt apardığından ordunun təşkili, döyüş hazırlığının lazımi səviyyədə aparılması üçün kifayət qədər vaxt ayırmaq mümkün olmurdu. Bu boşluğun aradan qaldırılması üçün Baş Qərargahın təsis olunması məqsədəuyğun hesab edilirdi. Onun fikrincə, belə bir strukturun yaradılmamasına səbəb indiyədək hazırlıqlı kadrların olmaması idi. Hərbi nazir hökumətə ünvanladığı məktubunda əlavə edirdi ki, üç müharibə iştirakçısı, təcrübəli hərbçi, general-leytenant Məmməd bəy Sulkeviçin Azərbaycana gəlişi belə bir strukturun təşkili üçün imkan yaradıb. Məhz bu səbəbdən general-leytenant Məmməd bəy Sulkeviçin Cümhuriyyət ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi barədə hökumət qarşısında vəsatət qaldırıldı. Hərbi nazir, tam artilleriya generalı Səməd bəy Mehmandarovun 1919-cu il 26 mart tarixli 147 nömrəli əmri ilə general-leytenant Məmməd bəy Sulkeviç Ordunun Baş Qərargah rəisi vəzifəsinin icrasına buraxılmışdı. Cümhuriyyət ordusuna qəbul olunma əmrində general Sulkeviçin adı Məmməd bəy kimi keçir, ona görə də onun Cümhuriyyət ordusuna qəbul olunmadan öncə Masey adını dəyişərək Məmməd bəy adını götürdüyünü ehtimal etmək olar. Həmin əmrin 2-ci və 4-cü paraqrafları Baş Qərargaha general-kvartirmeystr, hərbi-topoqrafiya, qoşunların daşınması üzrə idarənin, rabitə və avtomobil hissəsinin tabe edilməsi barədədir. Üçüncü paraqrafda Baş Qərargaha qoşunların təşkili, təlimi və dislokasiya edilməsi kimi əlavə vəzifələr həvalə edilir. Eyni zamanda, həmin əmrlə Baş Qərargah rəisinin Hərbi Şuraya üzv edildiyi göstərilir.
General Məmməd bəy Sulkeviç öncə vəzifənin icrasına buraxılıb və elə hökumətin qərarı ilə Baş Qərargahın ştatının təsdiqi ilə martın 26-dan həmin vəzifəyə təsdiq olunub. Hərb nazirinin 1919-cu il 28 mart tarixli 157 nömrəli əmri ilə Baş Qərargahın ştatının elan edilməsi ilə Baş Qərargahın tabeliyindəki idarələrin nəzdindəki bölmələr bir daha açıqlanır. Baş Qərargaha tabe olan general-kvartirmeystrə operativ-səfərbərlik, nizami və hesabat hissələrin, kəşfiyyat və əks-kəşfiyyat, rabitə bölməsinin daxil olduğu göstərilir. Hərbi nazir, eyni zamanda, hərbi attaşeliyin idarə edilməsini də Baş Qərargahın tabeliyinə verib. Məhz Məmməd bəy Sulkeviçin Cümhuriyyət ordusuna qəbul edilməsindən dərhal sonra ordunun “düşünən beyni” formalaşdırılıb. Həmin tarixədək bu vəzifələr qismən də olsa, Ümumi Qərargahın rəisi, general-mayor Həbib bəy Səlimov tərəfindən icra edilib.
General-leytenant Məmməd bəy Sulkeviçin Baş Qərargah rəisi vəzifəsinə təyin edilməsi ordu hissələrinin formalaşmasında quruculuq işlərinin sürətinə və keyfiyyətinə böyük təsir göstərdi. 2-ci Bakı piyada və 3-cü Şəki süvari alaylarının formalaşdırılması və təşkili tezliklə başa çatdırıldı.
General Sulkeviçin 1919-cu ilin yazından və yayından başlayaraq Azərbaycanın şimal sərhədləri boyunca yaranan Denikin təhlükəsinin qarşısının alınması üçün müdafiə tədbirlərinin həyata keçirilməsində xüsusi rolu olub. Arxiv sənədlərindən aydın olur ki, həmin dövrlərdə həyata keçirilən əsaslı müdafiə tədbirlərinin müəllifi məhz general Sulkeviçdir. O, vəzifə səlahiyyətləri çərçivəsində bu və ya digər müdafiə işlərinin icrasını təşkil edib, lazımi tədbirlərin görülməsi məqsədilə hərbi nazirin qarşısında vəsatət qaldırıb, təkliflərini yazılı şəkildə açıqlayıb. Həmin sənədlər bu günədək Mərkəzi Dövlət Arxivində saxlanılır. 1919-cu il iyulun 8-də hərbi nazirə ünvanladığı raportda M.Sulkeviç şimal sərhədləri ilə yanaşı, Bakının da dənizdən qorunmasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayırdı. Həştərxandan Könüllü ordunun, bolşeviklərin dəniz qüvvələrinin istənilən vaxt Bakıya desant çıxara biləcəyini qeyd edərək topların müdafiə üçün yetərli olmadığını və bu məqsədlə bir sıra tədbirlərin dərhal həyata keçirilməsini lazım bilirdi. O, Xəzər sahillərinin, dənizdən şəhərin ətrafında artilleriya müdafiəsinin təşkil edilməsi, ingilislərin Bakını tərk etməsindən sonra Xəzərdəki ticarət limanlarının Yollar Nazirliyinin sərəncamına keçməsi ilə əlaqədar strateji əhəmiyyəti nəzərə alınaraq bütün hərbi dəniz məsələlərinin Hərbi Nazirliyin əlində cəmlənməsi tədbirlərinin görülməsini təklif edirdi. Bu vəzifələrin yerinə yetirilməyəcəyi təqdirdə şimal sərhədi, cəbhənin sağ cinahı və arxası dənizdən təhlükəyə məruz qala bilərdi.
General Sulkeviçə görə, dənizin müşahidəsinin təşkili həm sahil kəşfiyyatı, həm də üzən vasitələrlə təmin olunmalı idi. Təklif edilirdi ki, ingilislərin “Qars”, “Ərdahan” və “Göy Təpə” hərbi gəmilərinin Azərbaycana verməsini gözləmək olmaz. Əvəzində Yollar Nazirliyinin təklif etdiyi iki paroxod alınsın, toplar və pulemyotlarla döyüş imkanı artırılsın və onların heyəti azərbaycanlılarla komplektləşdirilsin. General, həmçinin şəhərin artilleriya vasitələri ilə müdafiə edilməsini və bununla da Bakı ətrafının düşmən gəmilərindən qorunmasının mümkünlüyünü bildirirdi. Qeyd edirdi ki, Bakının mövqeyi onu etibarlı çarpaz top atəşləri ilə müdafiə etməyə imkanı verir. Onun fikrincə, Bayıl, Zığ və Nargin adalarında yerləşdirilmiş toplar şəhərin müdafiəsini xeyli gücləndirə bilərdi. Bunun üçün o, Gürcüstandan alına biləcək iriçaplı sahil topları ilə nəinki şəhərin, hətta dəniz kənarındakı digər məntəqələrin və sahil boyunca uzanan dəmir yolu xəttinin mühafizəsinin təşkil edilməsinin mümkünlüyünü bildirirdi.
1919-cu ilin avqustunda ingilislərin Bakını tərk etməsindən sonra vəziyyətin gərginləşməsi və şimaldan təhlükənin artması ilə əlaqədar general Sulkeviç 2-ci Azərbaycan piyada diviziyasının komandirinə göndərdiyi teleqramda bildirirdi ki, Bakı şəhərinin şimal tərəfdən qorunması həmin diviziyanın piyada alaylarına tapşırılacaq və onlara əlavə olaraq 5 min nəfərlik partizan dəstəsi veriləcək.
General Sulkeviç Cümhuriyyət ordusunda nizamnamələrin təkmilləşdirilməsi sahəsində də xüsusi rol oynayıb. Belə ki, o, hərbi hissələrdə döyüş hazırlığının təşkili ilə yaxından tanış olduqdan sonra 1919-cu il aprelin 12-də hərbi nazirə yazdığı raportda qoşunların təlim-tərbiyəsində rus ordusundan qalma nizami, piyada, süvari, topçu və çöl nizamnamələrinin, habelə piyada və topçular üçün atış təlimatlarının yenilənməsinin və yeni dövrün tələblərinə uyğun təkmilləşdirilməsinin vacibliyini bildirirdi. General Sulkeviç yazırdı ki, əsgərlərimizin öyrədilməsindəki çətinliklərin həlli əyani nümayiş, praktikanın nəzəriyyəyə görə üstünlük təşkil etməsini zərurətə çevirir. Sulkeviş nizamnamələrin təkmilləşdirilməsi ilə əlaqədar üç komissiyanın yaradılmasını təklif edirdi: Birinci piyada komissiyası piyadalar üçün sıra və atış nizamnamələrini, süvari komissiyası süvari nizamnaməsinin təkmilləşdirməli, ümumi komissiyanın üzvləri isə bütün qoşun növlərinin nümayəndələrini təşkil etməli idilər. Birinci komissiyaya 2-ci piyada diviziyasının komandiri İbrahim ağa Usubovun, ikinci və üçüncü komissiyaya isə süvari diviziyasının qərargah rəisi, general-mayor Amaşukelinin rəis təyin olunması təklif edilirdi. Bildirilirdi ki, nizamnamələrin məzmunu yalnız döyüş hazırlığına istiqamətləndirilməlidir.
General Sulkeviç, həmçinin Cümhuriyyət ordusunun hərbi qulluqçularının topçu işini öyrənmələrinə kömək məqsədilə ingilis ordusunun toplarından istifadə olunmasına dair danışıqlar aparıb. Razılıq alındıqdan sonra 2-3 zabitin rəhbərliyi ilə 50-80 nəfərlik qrupların yaradılması məqsədəuyğun hesab edilirdi. Bu kurslara şəxsi heyətin cəlb edilməsi üçün hərbi hissə komandirlərinə göstəriş verilmişdi.