“Dədə-Qorqud yurdu-Naxçıvan” Tarixi-Coğrafi və Etnoqrafik Atlası işıq üzü görüb
NUHÇIXAN xəbər verir ki, AMEA-nın Naxçıvan Bölməsində atlasın təqdimat mərasimi keçirilib.
Qeyd edilib ki, “Dədə-Qorqud yurdu-Naxçıvan” Tarixi-Coğrafi və Etnoqrafik Atlası 3 dildə-Azərbaycan, rus və ingilis dillərində nəşr olunub. Atlas “Əcəmi” Nəşriyyat Poliqrafiya Birliyində işıq üzü görüb. Atlas iki hissədən- Tarixi-coğrafi atlas və Etnoqrafik atlasdan ibarətdir. Kitabda 320 xəritə, 100-ə yaxın fotoşəkil öz əksini tapıb. Bu sanballı elmi nəşr dünya səviyyəsində qiymətli və dəyərli mənbə kimi Naxçıvanşünaslığın və Dədəqorqudşünaslığın öyrənilməsində ən mühüm mənbədir. Atlasın sonunda yaşayış məntəqələri üzrə məlumatçıların siyahısı da verilib.
Atlas Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına əsasən nəşr edilib. İki ilə hazırlanan Atlasın müəllif və tərtibçiləri akademik İsmayıl Hacıyev, AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərli, Əbülfəz Quliyev, mərhum alim Qadir Qədirzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Hüseynzadə, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov və coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəylidir.