Qızılqaya zirvəsində Azərbaycan bayrağı… Azərbaycan Ordusunun Günnüt zəfəri barədə düşüncələr

209
2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun sarsıdıcı zərbəsi ilə düşmən vahimələnmiş halda Dağlıq Qarabağda  işğal altında saxladığı ərazilərdəki mövqeləri tərk edərək qaçdı. Əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına Lələtəpə yüksəkliyi  və onunla birlikdə 2 min hektar ərazimiz geri qaytarıldı.  
…O gündən Böyük Qələbəyə gedən yolun sonu apaydın görünməyə başladı. 
…O aydan 24 il yad tapdağında qalan Cəbrayılın  Cocuq Mərcanlı kəndinin həyatı əvvəlki axarına qayıtdı; yurd-yuvalarından didərgin düşən insanların intizarına son qoyuldu–doğma el-obalarına döndülər.  
…O ildən Cocuq Mərcanlı 
“Böyük Qayıdış”ın rəmzinə 
çevrildi.  
…O vaxtdan Dağlıq Qarabağın, ətraf rayonlarımızın – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və  Zəngilanın da işğaldan azad ediləcəyinə inam gerçəkləşdi…   
      
Azərbaycan Ordusunun Günnüt zəfəri 
Bu qələbə – Qızılqayanın fəthi ilə Azərbaycan Ordusunun qalibiyyət yürüşünün yeni bir mərhələsi başlandı. Ordumuzun güc-qüdrəti, yenilməzliyi düşmənə bir daha nümayiş etdirildi. Silahlı Qüvvələrimizin xalqımızın nicat yerinə, qürur mənbəyinə çevrildiyi bir daha təsdiqləndi. Bu hünər–Qızılqaya zirvəsinə Azərbaycan bayrağının sancılması ilə 11 min hektar torpağımız erməni işğalından azad edildi. Mühüm strateji nöqtələr — Ağbulaq yüksəkliyi  və Mehridağ geri qaytarıldı.
Bu zəfər yurddaşlarımızın sabaha ümid hissini daha da artırdı, xalqımızda Böyük Qələbənin çox da uzaqda olmadığına dərin inam yaratdı. Bu irəliləyiş Günnüt sakinlərinə dədə-baba torpaqlarına dönmək sevinci, Cocuq Mərcanlı bəxtəvərliyi yaşatdı.  Bu uğurla Şərur torpaqlarının “qan damarı” adlandırılan Arpaçay dəryaçasının təhlükəsizliyi gerçəkləşdi.
Düşmənə vurulan bu zərbə ilə  Ermənistandan Dağlıq Qarabağa aparan Gorus–Laçın–Xankəndi yolu hərbçilərimiz tərəfindən göz altına alındı, bununla da mühüm strateji və taktiki üstünlüyümüz təmin olunduğundan Azərbaycan Ordusunun sonrakı həmlələrinə real zəmin yarandı.
Bu qələbə, həm də bir el bayatısının təsdiqinə çevrildi:
Əzizim Ordubada,
Yol gedər Ordubada.
Sərkərdə qoçaq olsa,
Heç verməz ordu bada.  
Cocuq Mərcanlıdan başlanan Qayıdışın davamı..
Şərurun Danzik kəndi, Dərələyəz mahalı və Əyricə yaylağı arasında yerləşən və hündürlüyü 1648 metr olan Qızılqaya dağının ətəkləri tarixən ulu əcdadlarımızın yurd yerləri olub. Burada Qarağac, Qara Qasım, Yastan məskənlərindəki qədim qəbiristanlıqlar el arasında Oğuz məzarlıqları adlandırılıb. Elmi mənbələrdə ərazidəki daş abidələrin “Kitabi-Dədə Qorqud”la səsləşdiyi söylənilib. Günün vaxtı-vədəsini bildirən Hacıəlibəy “qaya-saatının” isə Dədə Qorqud boylarındakı Günortac daşının eyni olduğu qənaəti təsdiqlənib.
Qızılqaya ətəklərində lap qədimdən azərbaycanlılar məskunlaşan, ağrılı-acılı tarix yaşayan  Çanaxçı, Çivə, Xəcik və  Amağu kəndləri sovet rejiminin ilk illərində  Ermənistana birləşdirilib. Təkcə Şərurun Günnüt kəndi Naxçıvan  Muxtar Respublikasının ərazi vahidi kimi saxlanılıb. Lakin ötən əsrin 90-cı illərində Sədərək, Havuş və Şahbulaq kəndləri ilə yanaşı, Günnüt də  aramsız düşmən hücumlarına məruz qalaraq xarabalığa çevrilib. Camaat isə rayonun digər yaşayış məntəqələrinə, əksəriyyət isə Mahmudkəndə köçmək məcburiyyətində qalıb.
Günnüt və ətaf strateji yüksəkliklər 26 ildən sonra, bu il may ayının son günlərində Azərbaycan Ordusunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə – Mehri dağına, Ağbulaq yüksəkliyinə, Qızılqaya zirvəsinə sahib çıxıb, Dərələyəz mahalının Arpa  kəndi isə Silahlı Qüvvələrimizin nəzarətinə keçib.
Azərbaycan Müdafiə Nazirliyinin Silahlı Qüvvələrimizin Günnüt zəfəri ilə bağlı yaydığı videoya baxıram. Kadrlardakı işğaldan azad edilən Mehri dağı, Ağbulaq yüksəkliyi, Qızılqaya zirvəsi uşaqlığımı, gəncliyimi xatırladır. Aşıq  Ələsgər demişkən, “yayda yaylağımız, qışda oylağımız, yazda seyrangahımız” olan o dağlar düz 26 il övladlarının həsrət və nisgil  ünvanına çevrilib. Bu müddətdə bəlkə əsən yellər yurd-yuvanın, kənd-kəsəyin havasını-ətirini gətirər deyə yatanda da üzünü o dağlara sarı çevirən nə qədər qaçqın-köçkün axşam – səhər eləyib. Doğma yaylaqlara qalxmaq, arandan dağa köç sürmək intizarıyla nə qədər insan əlçatmaz, ünyetməz  bir uzaqlıqda qalan dünənlərinin həsrətiylə dünyasını dəyişib.
O yaylaqların yol-yolağaları düz 26 il köç-karvan üzünə həsrət qalıb. O yaylaqların yüz illərin, min illərin tarixini sərgiləyən sirli-sehrli daş-qaya abidələri, məzarlıqları, mal-qoyun arxacları, xalxalları erməni vəhşiləri tərəfindən dağıdılıb, yerlə-yeksan edilib. O yaylaqların yazın yaya qovuşduğu günlərində dizə boy verən otu, ətri bihuş edən gül-çiçəyi arasından qəfil qaraltıdan diksinən kəklik sürüləri neçə illər idi ki, əlçatmaz, ünyetməz olmuşdu.
Bu qələbə ilə Azərbaycan “güclü erməni ordusu” mifini dağıtdı. Forpost Ermənistanın respublikamıza qarşı heç vaxt hərbi güc nümayiş etdirmək iqtidarında olmayacağını onun özünə və havadarlarına yaxşı anlatdı. Bu zəfər bir daha göstərdi ki, Azərbaycan regionda siyasi, sosial-iqtisadi sahələrlə yanaşı, hərbdə də  liderdir. Bu güc-qüdrət Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə paytaxtda keçirilən təntənəli hərbi paradda da bir daha  dostlarımıza və düşmənlərimizə nümayiş etdirildi.
Həmin paradda hərbi arsenalımızdakı ən müasir hərbi texnika, gəmilər, uçuş vasitələri, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən yeni zirehli maşın, tank, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər və pilotsuz uçuş aparatlarının təqdimatı ilə işğalçı Ermənistana  ordumuzun nəyə qadir olduğu bir daha göstərildi.
Prezident, Ali Baş Komandan İlham Əliyev Azadlıq meydanındakı nitqində bir daha Dağlıq Qarabağın əzəli və tarixi Azərbaycan torpağı olduğunu bəyan etdi. Ölkə rəhbəri bütün beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və dəstəklədiyini dedi: “BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etmişdir və orada da göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr hələ də qüvvədədir və öz qüvvəsini itirməyib”.
Dövlətimizin  başçısı İlham Əliyev nitqində torpaqlarımızın 20 faizini işğal altında saxlayan, xalqımıza  qarşı etnik təmizləmə aparan, Xocalı soyqırımını törədən faşist-quldur dəstələrinə, qonşularına qarşı ərazi iddiaları ilə azğınlaşan separatçı rejimə bir daha xəbərdarlıq etdi: “Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır. Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Bizim bu gün nümayiş etdirəcəyimiz silahlar həm Azərbaycan xalqına, həm düşmənə, həm də bütün dünyaya bunu göstərəcək. Ona görə, hesab edirəm ki, məsələnin tezliklə danışıqlar yolu ilə ədalətli həlli, Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi qarşı tərəfin də marağında olmalıdır”.
Dövlət başçısının bu sözləri, əslində, həm dünya birliyi, həm işğalçı Ermənistan, həm də ona havadarlıq edən dövlətlər, təşkilatlar üçün növbəti xəbərdarlıq mesajıdır. İstər paradda nümayiş olunan hərbi texnika və silah-sursat, istərsə də dövlət başçısının səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, Azərbaycan mövcud vəziyyətlə heç vaxt razılaşmayacaq  və nə qədər gec deyil, həm işğalçı ölkə, həm də dünya birliyi bunu dərk etməlidir
Azərbaycan Prezidenti nitqində açıq şəkildə İrəvanı xəbərdar etdi ki, işğalçı ölkə qısa müddətdə danışıqlar prosesinə maraqlı olmalıdır. Əks təqdirdə düşmən üçün Aprel dərsi, Günnüt zəfəri təkrarlana bilər.
Hərbi parad diqqətçəkən bir məqamı da üzə çıxardı: Azərbaycan 20 ildən artıq bir müddətdə atəşkəsə riayət etməklə, münaqişə və müharibənin sülh yolu ilə həllini gözləməklə yanaşı, öz ordusunu da gücləndirdi. Azərbaycan Silahlı Qüvvələri ən müasir silahlarla, texnika ilə təchiz olundu, döyüş peşəkarlığı  artırıldı. Hərbi sənaye inkişaf etdirildi, 20-dən çox hərbi zavod yaradıldı. İstehsal olunan hərbi təyinatlı müxtəlif məhsulların sayı 1200-ə çatdırıldı, hərbi texnika və məhsulların ixracına start verildi. Beləliklə, Azərbaycan Ordusu dünyanın ən güclü, ən müasir 40 ordusu sırasına daxil oldu.
Ermənistanın isə ordu quruculuğu aparmağa gücü olmadı. İşğalçı ölkənin Silahlı Qüvvələrində talan, oğurluq, quldurluq, özbaşınalıq gündən-günə genişləndi. İki il bundan əvvəl aprel döyüşlərində mövqelərimizi atəşə tutan düşmənin layiqli cəzasını alması, Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilən 11 min hektar torpağının bu ilin may ayında ordumuzun yüksək peşəkarlığı ilə nəzarətə götürülməsi, strateji yüksəkliklərin geri qaytarılması da Ermənistan ordusunun artıq döyüş qabiliyyətini itirdiyini, iflic vəziyyətinə düşdüyünü göstərdi.
Fərqli məkanlarda yerləşsələr də, oxşar tale yaşayan iki kənd: İllərlə düşmən işğalında qalan, nəhayət, Azərbaycanın Ordusunun gücü, Ali Baş Komandanın rəhbərliyi ilə azad olunan Cocuq Mərcanlı  və Günnüt. Birinci yaşayış məntəqəsi ölkəmizin güc-qüdrət simvoluna çevrilərək,  qısa müddətdə yenidən tikilib-quruldu, Cocuq Mərcanlının  adı məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə yazıldı. Lələtəpə zirvəsi isə Dağlıq Qarabağa dönüşün istinadgahına çevrildi…
Tezliklə Günnütə də Qayıdış başlayacaq. Bu kəndin də erməni yaraları sağalacaq. Bu  kənd də yeni xoşbəxt günlərini  yaşayacaq, müasirləşəcək, abadlaşacaq. Günnüt də doğmalarını başına toplayıb güclü və qüdrətli Azərbaycanın gələcək uğurlarına imza atacaq. Azərbaycan bayrağı isə sinəsinə sığındığı Qızılqaya zirvəsində əbədi dalğalanacaq…
Vaqif Bayramov 
“Xalq qəzeti”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: