“Rusiya 2018”: Bu gün səkkizdəbir final mərhələsinə yekun vurulacaq

194

İyulun 3-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinə iki oyun ilə yekun vurulacaq.

NUHÇIXAN xəbər verir ki, günün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq ilk görüşündə İsveç və İsveçrə yığma komandaları üz-üzə gələcəklər. “Sankt-Peterburq Arena”da keçiriləcək matçın baş hakimi sloveniyalı Damin Skomina olacaq.

İsveç “F” qrup mərhələsində Meksika, Almaniya və Cənubi Koreya yığmaları ilə mübarizə aparıb. Komanda qrupun ilk matçında Cənubi Koreyanı 1:0 hesabı ilə məğlub etsə də, ikinci turda Almaniyaya 1:2 hesabı ilə uduzub. Avropa təmsilçisi son turda Meksikanı 3:0 hesabı ilə üstələyib. İsveçlilər qrup birincisi kimi play-off mərhələsinə vəsiqə qazanıblar.

İsveçrə isə Braziliya, Kosta-Rika və Serbiya ilə birgə “E” qrupunda mübarizə aparıb. İlk turda Braziliya ilə 1:1 hesabı ilə heç-heçə edən komanda, ikinci turda Serbiyanı 2:1 hesabı ilə məğlub edib. Avropalılar son turda isə Kosta-Rika ilə heç-heçə ediblər – 2:2.

İsveç və İsveçrə yığmaları bu vaxta kimi beş dəfə qarşılaşıblar. Bu görüşlərin üçündə İsveç millisi 1961-ci, 1976-ci, 1978-ci illərdə qalib tərəf olub. İki oyunda isə İsveçrə qalib gəlib (1962-ci il, 1966-cı il).

Qeyd edək ki, isveçrəlilərin dünya çempionatlarında debütü 1934-cü ildə olub. Onlar mundialda on birinci dəfədir ki, iştirak edirlər və ən yaxşı nəticəni 1934-cü, 1938-ci və 1954-cü illərdə göstərərək dörddəbir final mərhələsinə vəsiqə qazanıblar.

İsveç millisi isə 1958-ci ildə VI dünya çempionatına ev sahibliyi edib. İndiyədək 11 mundialda iştirak edən İsveç bir dəfə ikinci (1958-ci il), iki dəfə üçüncü yeri tutub (1950-ci il, 1994-cü il). Milli komandanın tarixində ən çox qol vuran oyunçu Zlatan İbrahimoviç (116 oyunda 62 qol), ən çox oyun keçirən isə Anders Svenssondur (148 oyun).

                                                      X X X

Günün digər oyununda İngiltərə və Kolumbiya yığmaları qarşılaşacaqlar. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşmanı amerikalı referi Mark Qeyqer idarə edəcək. Matç Moskvadakı “Spartak” stadionunda oynanılacaq.

Çempionatın favoritlərindən sayılan “dumanlı albion” təmsilçisi Belçika, Tunis və Panama ilə eyni qrupda mübarizə aparıb. İngilislər üç oyunun ikisində qələbə qazanıb və bir qarşılaşmada uduzublar. Komanda ilk turda Tunisi 2:1, ikinci turda isə Panamanı 6:1 hesabı ilə məğlub edib. Birqat dünya çempionları son turda Belçikaya 0:1 hesabı ilə uduzublar.

Kolumbiya isə Yaponiya, Seneqal və Polşa ilə birlikdə “H” qrupunda çıxış edib. Cənubi amerikalılar ilk turda Yaponiyaya 1:2 hesabı ilə uduzsalar da, növbəti turda Polşanı 3:0, üçüncü turda isə Seneqalı 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıblar.

İngiltərə və Kolumbiya yığmaları dünya çempionatları tarixində ikinci dəfə qarşılaşacaqlar. Komandalar ilk dəfə 1998-ci il mundialında üz-üzə gəliblər. Sözügedən qarşılaşma ingilislərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, indiyədək 14 dəfə mundiallarda iştirak edən İngiltərə yığması 1966-cı ildə ev sahibliyi etdiyi səkkizinci dünya çempionatının finalında Almaniya yığmasına 4:2 hesabı ilə qalib gələrək çempion olub. Xatırladaq ki, həmin görüşdə hesab 2:2 olarkən azərbaycanlı yan xətt hakimi Tofiq Bəhramovun rəyi əsasında baş hakim ingilislərin hücumçusu Herstin qolunun qeydə alınması barədə qərar qəbul edib. Bu qoldan sonra bir dəfə də fərqlənən İngiltərə yığması tarixində ilk və yeganə çempionluğuna nail olub.

İngiltərə yığması mundialda yeganə komandadır ki, heyətindəki futbolçuların hamısı ölkə çempionatında – Premyer Liqada çıxış edir.

Mundiallarda 1962-cı ildə debüt edən Kolumbiya millisi dünya çempionatlarında indiyədək altı dəfə oynamaq hüququ qazanıb. Bu komandanın çempionatlarda ən yaxşı göstəricisi “Braziliya 2014”ə təsadüf edib. Həmin mundialda dörddəbir finaladək irəliləyən Kolumbiya yığması ev sahiblərinə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Kolumbiya milli komandasının tarixində ən çox qol vuran futbolçu Radamel Falkaodur. Futbolçu 66 oyunda 26 qola imza atıb. Bu komandanın heyətində ən çox oyun keçirmiş futbolçu isə FIFA-nın “XX əsrin 100 əfsanəvi futbolçusu” siyahısına daxil olan Karlos Valderramadır (111 oyun).

Çempionatın səkkizdəbir final mərhələsinin bütün görüşləri İdman Azərbaycan kanalında canlı yayımlanacaq.

Xatırladaq ki, səkkizdəbir final mərhələsinin ilk oyununda Fransa millisi argentinalıları məğlub edib (4:3), Uruqvay Portuqaliya yığmasından üstün olub (2:1). Play-off mərhələsinin ən gözlənilməz hesabı ev sahibi Rusiya və İspaniya millisi arasında qeydə alınıb. Oyunun əsas vaxtı və əlavə olunmuş dəqiqələri 1:1 hesabı ilə başa çatsa da, 11 metrlik cərimə zərbələrində ruslar dəqiq olublar – 4:3. Həmçinin Xorvatiya-Danimarka oyununda da əsas vaxtda qalib müəyyənləşməyib. On bir metrlik cərimə zərbələrində Xorvatiya millisi dörddəbir final mərhələsində vəsiqə qazanıb (3:2). Braziliya yığması Meksika millisindən (2:0), Belçika isə yaponiyalılardan üstün olub (3:2).

Beləliklə, dörddəbir final mərhələsində Uruqvay millisi Fransa yığması ilə, Rusiya Xorvatiya ilə, Braziliya isə Belçika millisi ilə qarşılaşacaq.

Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: