Dövlət gənclər siyasəti muxtar respublikamızda uğurla həyata keçirilir

506

Ölkəmizdə bu gün öz uğurları ilə seçilən dövlət gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər sağlam düşüncəli yeni nəslin yetişdirilməsini  mühüm vəzifə kimi daim diqqət mərkəzində saxlamaqla yanaşı, gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsinə vacib məsələ kimi yanaşırdı. Bu sahədə hüquqi bazanın yaradılması və gənclərlə işin daha da təkmilləşdirilməsini diqqət mərkəzində saxlayan Ümummilli liderimiz onların potensialından düzgün istifadə olunması üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsini də təmin edib.

Gənclər siyasəti bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq icrası başa çatmış “Azərbaycan Gəncliyinin Dövlət Proqramı (2005-2009-cu illər)”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər)” və “Azərbaycan gəncliyi 2016-2021-ci illərdə Dövlət Proqramı” ölkə gənclərinin fəal həyat mövqeyinin düzgün formalaşmasında mühüm əhəmiyyət kəsb etmişdir. 2007-ci ilin ölkəmizdə “Gənclər ili”  elan olunması, Azərbaycan gənclərinin forumlarının keçirilməsi bu sahədə görülən işlərlə əhatə dairəsini daha da genişləndirib.

Bütün bunların nəticəsidir ki, bu gün ölkəmizdə bilikli, elmli, savadlı və yüksək düşüncəyə malik gənc nəsil yetişir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti təkcə paytaxt Bakı şəhərini deyil, bütün regionları əhatə edib.

Naxçıvan Muxtar Respublikasında da dövlət gənclər siyasəti bu gün uğurla həyata keçirilir. Son illər gənclərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həll edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi bu istiqamətdə atılan mühüm addımlardandır.

Muxtar respublikamızda gənclərin mütaliə mədəniyyətinin artırılması da diqqət mərkəzində saxlanılıb. Naxçıvan Muxtar Respublikası Mərkəzi Kitabxanasında, AMEA-nın Naxçıvan Bölməsində, Naxçıvan Muxtar Respublikası Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzində, Naxçıvan Dövlət Universitetində və Gənclər Mərkəzindəki elektron kitabxanalar, eləcə də “Oxunması zəruri olan kitablar haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı gənclərin mədəni inkişafı, dünyagörüşünün zənginləşdirilməsi sahəsində atılan mühüm və vacib addımdır.

Eləcə də Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi, Gənclər Fondunun yaradılması və “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncam gənclərin bütün sahələrdə inkişafına hesablanmış dövlət proqramıdır. Naxçıvan şəhərində Gənclər Mərkəzinin istifadəyə verilməsi isə gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması, gənclərin inkişafı, onların asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyətə malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Talıbov gənclərlə bağlı çıxışında demişdir: “Müasir dövrdə informasiya texnologiyalarının tətbiqi işinin və informasiya mübadiləsinin çevik forması olan sosial şəbəkələrin getdikcə genişlənməsi gənclər qarşısında əlavə fəaliyyət sahəsi açmışdır. Bizim üçün xoşdur ki, muxtar respublika gəncləri bu sahəyə nüfuz etməyi bacarmış, sosial şəbəkələrdə fəallığı xeyli artırmışlar. Gənclərimiz sosial şəbəkələrdən əsasən təbliğat vasitəsi kimi istifadəyə üstünlük verir, öz təcrübə və biliyini səmərəli informasiya mübadiləsinə yönəldir, internet resurslarında ölkəmiz, eləcə də muxtar respublikamız haqqında obyektiv və zəngin məlumat bazası yaratmağa çalışırlar”.

Görülən məqsədyönlü işlərin nəticəsi göz qabağındadır. İndi muxtar respublikanın gəncləri sözün əsl mənasında 21-ci əsrin gəncliyini təmsil edirlər. İctimai işlərdə fəal,  lazım olanda  vahid bir qüvvə kimi vətənpərvərlik nümayiş etdirmə bacarığı, onlar üçün yaradılan şəraitdən istifadə edərək öz istedadlarını və bacarıqlarını göstərmə  sərbəstliyinə malik gənclər ordusu yetişib. Bugünkü gəncliyi həvəsləndirən amillərdən biri də onların dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunmasıdır.

Gənclərin çox vacib amillərdən biri olan sosiallaşması, eləcə də internet resurslarından düzgün şəkildə istifadəsi ən aktual məsələlərdən biridir. Son dövlər gənclərin sosial şəbəkələrdə fəallığı daha da artıb. Hazırda “Naxçıvan həqiqətləri”, “Naxçıvan gəncləri” sosial qruplarında gənclərimizin nəzərəçarpacaq səviyyədə aktivliyi diqqəti çəkir. Sevindirici haldır ki,  muxtar respublikamızın  görməli yerlərinin, tarixi abidələrinin tanıdılması baxımından sosial şəbəkələrdə edilən paylaşımlar Naxçıvanın bügünkü inkişafından, müasirliyindən və gənclərin fəallığından xəbər verir.

Hər il ölkəmizin bir rayon və şəhəri “Gənclər paytaxtı” elan edilir.  2018-ci ildə Naxçıvan şəhərinin namizədliyi irəli sürüldü, internet üzərindən aparılan səsvermədə muxtar respublika gənclərinin fəallığı şəhərimizin “Gənclər paytaxtı” seçilməsi ilə nəticələndi. Naxçıvan şəhərinin bu ada layiq görülməsi gənclərimizin birliyindən xəbər verməklə yanaşı, həm də  onların internetdən, sosial şəbəkələrdən düzgün istifadəsinin bariz nümunəsidir.

Naxçıvan şəhərinin ölkəmizin “Gənclər paytaxtı” seçilməsi bir daha sübut etdi ki, muxtar respublikamız Qoca Şərqlə müasir gəncliyin vəhdətini təşkil edən məkandır.

Ali Məclisin Sədri gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı çıxışında vurğulayıb: “Gənclik gələcəkdir. Sağlam gənclik isə həm də sağlam gələcək deməkdir. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti hər bir gəncə özünü təsdiq etməsi, yüksək bilik qazanması və dəyərli vətəndaşa çevrilməsi üçün geniş imkanlar açır. Azərbaycan inkişaf edən dövlətdir və təbii ki, müstəqillik dövründə yetişən, onun bəhrəsini görən hər bir gənc də öz fəaliyyəti ilə bu inkişafa dəstək verməli, dövlət müstəqilliyimizin qədrini bilməlidir. Biz bu gün yetişən gəncliyə böyük ümidlə baxırıq. İnanırıq ki, muxtar respublika gəncləri bundan sonra da öz fəaliyyətlərini ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yola sədaqət ruhunda quracaqlar. Bu yol – gəncliyin özünü təsdiq və özünü doğrultmaq yoludur”.

 

Azad Cabbarov

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: