Özbəkistan mətbuatı nümayəndələrinin Azərbaycana mediaturuna start verilib

152

NUHÇIXAN xəbər verir ki, ölkəmizin Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü, Azərbaycan Mədəniyyət Nazirliyinin və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi ilə iyunun 30-dan Özbəkistan mətbuatı nümayəndələrinin Azərbaycana səfəri başlayır.

Builki mediatura Özbəkistan Dövlət Televiziyasının tanınmış aparıcısı, mədəniyyət və turizm verilişlərinin müəllifi Elmira Tuxvatillina, “Dünyo boylab” telekanalının jurnalisti Gülsara Saqatxanova, operator Şerali Xolbakov, “Qalampir.uz” portalının baş redaktoru, tanınmış jurnalist Qamaraddin Şayxov, “nargis.uz” saytının baş redaktoru Nargiz Kasımova və fotoqraf Şerzodxon İkramutdinov qatılıb.

Media təmsilçilərini Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov müşayiət edəcək. Onun verdiyi məlumata görə, mediaturun əsas məqsədi özbək jurnalistlərinə Azərbaycan həqiqətləri, ölkəmizin nailiyyətləri, habelə tariximiz, mədəniyyətimiz, turizm imkanlarımız haqqında ətraflı məlumat vermək və bütün bunları Özbəkistan mediasında geniş təbliğ etməkdır. İki ölkə jurnalistlərinin görüşləri də nəzərdə tutulur. Özbək jurnalistlərin ölkəmizdə aparacağı çəkilişlər əsasında Özbəkistanın Dövlət Televiziyası, “Uzbekistan-24”, “Dunyo boylab”, “Madaniyyat va marifat” telekanallarında respublikamıza dair verilişlər nümayiş etdirəcək, “Qalampir.uz” və “nargis.uz” portallarında silsilə məqalələr dərc olunacaq.

Azərbaycanın mədəniyyət və turizm mərkəzlərində çəkilən fotolar əsasında Daşkənddə “Şərqin ilk parlayan ulduzu və Qafqazın mirvarisi – Azərbaycan” adlı fotosərginin keçirilməsi də planlaşdırılır.

Səfər zamanı mediaturun iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edəcək, qonaqlara ölkəmizin nailiyyətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat veriləcək. Jurnalistlərin Bakı, Qəbələ, Şəki, Gəncə, İsmayıllı, Göygöl, Naftalan şəhərlərində görüşləri olacaq və onlar bölgələrin tarixi, mədəniyyəti və turizm imkanlarına dair verilişlər, reportajlar hazırlayacaqlar.

Xatırladırıq ki, ötən il 11 nəfərdən ibarət özbək jurnalisti Azərbaycana gəlib və ölkəmiz haqqında verilişlər hazırlayıb, məqalələr çap etdiriblər. Həmin səfərin yekunları ilə bağlı Elmira Tuxvatillina və Gülsara Saqatxanova, saytların baş redaktorları Qamaraddin Şayxov, Nargiz Kasımova səfirliyimiz və Azərbaycan Mədəniyyət Mərkəzinin 2017-ci ildə keçirdiyi “Özbək KİV-lərində Azərbaycan haqqında ilin ən yaxşı televiziya verilişi və məqalə müsabiqəsi”nin qalibləri olub və xüsusi diplomla təltif ediliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: