“Naxçıvan” Universitetində III Beynəlxalq Gənclik Araşdırmaları Konqresinin açılışı olub

574

İyunun 28-də “Naxçıvan” Universitetində III Beynəlxalq Gənclik Araşdırmaları Konqresinin açılış mərasimi keçirilib.

NUHÇIXAN xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirib ki, bu gün III Beynəlxalq Gənclik Araşdırmaları Konqresi öz işinə başlayır. Muxtar respublikada ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasəti uğurla davam etdirilir. Gənclərin hərtərəfli inkişafı, asudə vaxtlarının səmərəli təşkili, fiziki sağlamlığının qorunması diqqətdə saxlanılır, zəruri infrastruktur yaradılır. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada yüksək intellektli, vətənpərvər, milli düşüncəyə malik gənclər formalaşır. Onlar müxtəlif sahələrdə uğurlar qazanır, Azərbaycanın adını daha da yüksəklərə qaldırırlar. Məhz bu amillər nəzərə alınaraq Naxçıvan şəhəri 2018-ci il üçün Gənclər Paytaxtı seçilib. Bununla bağlı olaraq ilin əvvəlindən başlayaraq silsilə tədbirlər həyata keçirilir. III Beynəlxalq Gənclik Araşdırmaları Konqresinin də Naxçıvan şəhərində keçirilməsi Naxçıvan Gənclər Paytaxtı tədbirlərinə bir töhfədir. III Beynəlxalq Gənclik Araşdırmaları Konqresinin əsas məqsədi gəncliyin inkişafına töhfə verməkdir. Konqresin gənclərlə iş sahəsində fəaliyyətin daha da yaxşlaşdırılması istiqamətində məhsuldar olacağına əminliyimizi bildirir, konqresin işinə uğurlar arzulayırıq.

Konqresin Azərbaycan tərəfindən rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu çıxışında bildirib ki, dövlət-gənclər siyasəti muxtar respublikamızda uğurla davam etdirilir, gənclərin təhsili, sağlamlığı, asudə vaxtlarının təşkili üçün mühüm tədbirlər həyata keçirilir. Bu istiqamətdə görülən işlərdən biri də gənclərin sosial problemlərinin, o cümlədən mənzil-məişət məsələlərinin həllidir. Bu sahəyə göstərilən dövlət qayğısının nəticəsidir ki, indi dövlətimiz tərəfindən gənclər üçün yeni yaşayış binaları tikilir, gənc ailələrin mənzillə təmin olunması diqqət mərkəzində saxlanılır. III Beynəlxalq Gənclik Araşdırmaları Konqresində də gənclərin problemləri bir daha araşdırılacaq və onların mümkün həlli yolları tədqiq olunacaqdır.

Konqresin Təşkilat Komitəsinin sədri Zəkəriyyə Bingöl çıxışında qeyd edib ki, III Beynəlxalq Gənclik Araşdırmaları Konqresi gənclərimizin müxtəlif problemlərinin həllində yeni yolların tapılmasına, bu sahədə araşdırma aparan elm adamlarımızın tədqiqat işlərini təqdim etməsinə imkan verir. Türkiyədə, eləcə də Naxçıvanda gənc əhali sayı yüksəkdir. Bu, bizim gənclərlə bağlı gələcəkdə atacağımız addımlarda böyük əhəmiyyət daşıyır. Bildirilib ki, konqres ildən-ilə daha çox iştirakçı kütləsi qazanır. Türkiyədə Marmaris və Fethiyeden sonra Naxçıvanda gənclərlə bağlı belə bir konqresin təşkil olunmasının böyük əhəmiyyəti var. Gələcəkdə digər türk dövlətlərində də bu cür tədbirlərin keçirilməsini davam etdirəcəyik.

Keçmiş İstanbul və Şanlıurfa millət vəkili, Baş nazirin danışmanlığını icra edən konqresin Türkiyə rəhbəri professor Zeynəb Karahan Uslu bildirib ki, bu gün ölkələrin hərtərəfli inkişafında insan sərmayəsi böyük yer tutur. Bu sərmayənin ən mühüm hissəsi gənclərdir. Hazırda cəmiyyətimizin hərtərəfli inkişafında gənclik aparıcı rol oynayır, gənclər mühüm dövlət vəzifələrində təmsil olunur, millət vəkili kimi fəaliyyət göstərir. Bununla yanaşı, bu gün gənc nəslin sağlam böyüməsi, hər kəsin təhsil imkanlarından yararlanması, milli dəyərlərimizə sahib çıxılması dövlətlərimizin qarşısında duran mühüm məsələlərdəndir. Gələcəyimizin inkişafı gənclərin əlində olduğundan gənclərin həyat və fəaliyyətinə yönəlik belə konqresin təşkili ilə diqqət çəkir. Gənclərlə bağlı məsələlərin həllinə elmi yanaşma isə qəbul ediləcək qərarların gələcək perspektivi baxımından faydalı olacağına böyük inam yaradır. Zeynəb Karahan Uslu Naxçıvanda yüksək səviyyəli tədbirin keçirilməsində əməyi olanlara minnətdarlıq edib.

Türkiyənin Muğla Sıtkı Koçman Universitetinin prorektoru, professor Nevres Hüriyyət Aydoğan və Bandırma On Yedi Eylül Universitetinin prorektoru Zülfikar Bayraktar çıxış edərək səmimi dəvətə və qonaqpərvərliyə görə minnətdarlıq edib, Naxçıvanın sürətlə inkişaf edən müasir bir diyar olduğunu vurğulayıblar. Çıxışlarda qeyd olunub ki, bu gün həm Türkiyə, həm də Azərbaycanda gənclərə böyük diqqət göstərilir, onların cəmiyyətin müxtəlif sahələrində fəaliyyəti təmin olunur. Bu gün öz işinə başlayan III Beynəlxalq Gənclik Araşdırmaları Konqresi də məhz gəncliyin müasir problemlərinin araşdırılmasında böyük əhəmiyyətə malikdir.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, bu gün Naxçıvan Muxtar Respublikasının və Türkiyə Respublikasının ali təhsil müəssisələrinin, eləcə də AMEA Naxçıvan Bölməsinin nümayəndələrinin iştirakı ilə “Naxçıvan” Universitetinin evsahibliyi etdiyi III Beynəlxalq Gənclik Araşdırmaları Konqresi Naxçıvanda elmi və ictimai mühitin hansı səviyyədə olduğunu əyani şəkildə göstərir. Vaxtilə muxtar respublikada yalnız Naxçıvan Dövlət Universitetində elmi araşdırmalar aparılırdısa, bu gün bu proses AMEA Naxçıvan Bölməsini, “Naxçıvan” Universitetini və Naxçıvan Müəllimlər İnstitutunu əhatə edib. İndi muxtar respublikanın ali təhsil və elmi müəssisələrində fəlsəfə və elmlər doktoru üzrə kadrlar hazırlanır. Bu, Naxçıvanda elmi mühitin inkişafının göstəricisidir, eyni zamanda gənc elmi kadrların hazırlanmasında mövcud potensialın göstəricisidir. III Beynəlxalq Gənclik Araşdırmaları Konqresinin də əhəmiyyəti ondadır ki, gəncliyin müxtəlif istiqamətlər üzrə fəaliyyətini stimullaşdıracaq mövzular araşdırılacaq, suallara aydınlıq gətiriləcəkdir.

Tədbirdə Naxçıvanı tərənnüm edən videoçarx nümayiş etdirilib.

Konqresin təşkilində xüsusi əməyi olan Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbova Təşkilat Komitəsi adından plaket təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Konqres öz işini bölmə iclasları ilə davam etdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: