26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Ordu müstəqilliyimizin rəmzi və qarantıdır

547

Tam 100 il bundan əvvəl – Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi müsəlman korpusunun əsasında ilk ordu hissəsi – 5000 nəfər şəxsi heyəti olan Əlahiddə Azərbaycan korpusu yaradılmışdır. 1920-ci ildə ölkəmiz Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək həmin funksiya Xalq Hərbi Komissarlığına verilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan korpusunun yarandığı tarix – iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan olunmuşdur. Bu gün hərtərəfli inkişafı ilə diqqət çəkən ölkəmiz həm də qüdrətli ordusu ilə müstəqilliyimizin qarantına çevrilmişdir.

Azərbaycanda güclü, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyinin birinci dövründə milli hərbi kadrların hazırlanması məqsədilə həyata keçirdiyi tədbirlər və bunun tərkib hissəsi kimi Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması mühüm tarixi əhəmiyyətə malikdir. İmperiya tərkibində azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün real şəraitin yaradılması Azərbaycanın ikinci dəfə müstəqilliyi yolunda atılan qətiyyətli və uğurlu addımlardan idi. O dövrdə dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə hazırlanan hərbi kadrlar ölkəmiz müstəqillik qazandıqdan sonra Milli Ordumuzun komandan heyətini təşkil etmişdir.

Azərbaycanda milli ordunun formalaşdırılması prosesi ötən əsrin 90-cı illərində başlamışdı. Sovet imperiyası dağıldıqdan sonra Azərbaycan öz  müstəqilliyini bərpa etsə də, bu müstəqilliyin əsas təminatçısı olan milli ordu yaradılmadı. Naşı adamların hakimiyyətə gəlməsi nəticəsində ölkədə xaos baş qaldırmış, qısa müddətdə  Azərbaycan əraziləri işğal olunmuş, hətta bu cür təhlükəli vəziyyətdə belə ordu quruculuğu sahəsində heç bir addım atılmamış, müstəqilliyimiz təhlükə altına salınmışdı. Həmin illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da işğal təhlükəsi ilə üz-üzə qalmış, yalnız ulu öndər Heydər Əliyevin atdığı qətiyyətli addımlar nəticəsində bu qədim diyar yaradılmış ilk milli hərbi birləşmələr hesabına düşmən hücumlarından qorunmuşdur. Beləliklə, Azərbaycanın ən yeni tarixində milli ordunun formalaşmasına Naxçıvandan başlanılmışdır. Ümummilli liderimiz Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildikdən sonra ordu quruculuğu istiqamətində mühüm qərarlar qəbul etmiş, Naxçıvanda Dövlət Müdafiə Komitəsi yaradılmışdır. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilmişdir. 1992-ci il sentyabrın 19-da isə Dövlət Müdafiə Komitəsinin fəaliyyəti dayandırılmış və onun bütün əmlakı 705 saylı hərbi hissəyə təhvil verilmişdir. 1992-ci il oktyabrın 9-da milli ordu hissəsinin yaradılmasının 1 illiyi münasibətilə ilk hərbi parad da Naxçıvanda keçirilmişdir.

Ulu öndərin xalqın tələbi ilə ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra ordu quruculuğu sahəsində mühüm tədbirlər görülmüş, ordunun qanunverici­lik bazası yaradılmış, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edilmişdir. Bununla yanaşı, Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin qurulması da diqqət mərkəzində saxlanılmış, 1994-cü ildə Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq Proqramı”na qoşulmuşdur. Bu gün artıq Silahlı Qüvvələrimizin sülhməramlıları müxtəlif münaqişə zonalarında öz missiyalarını uğurla yerinə yetirirlər.

Dahi şəxsiyyətin ordu quruculuğu siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində milli ordumuz davamlı olaraq inkişaf edir. “Bu gün Azərbaycan Ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Əminəm ki, Azərbaycan gücləndikcə, ordumuz da güclənəcək. Artıq ordumuz istənilən vəzifəni həll etməyə hazırdır”, – deyən ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda müasir hərbi sənaye kompleksi yaradılmış, Silahlı Qüvvələrin maddi-texniki bazası müasir texnika və silahlarla zənginləşdirilmiş, bu sahədə kadr hazırlığı təkmilləşdirilmişdir. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.

Ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Ali Baş Komandan cənab İlham Əliyev Naxçıvanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordunun yaradılması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bununla da, Naxçıvanın müdafiə potensialının, hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə əsaslı zəmin yaranmışdır.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri ötən dövrdə müasir silah və texnikalarla  təmin olunmuş, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyəti xeyli gücləndirilmişdir. Bundan əlavə, muxtar respublika ərazisindəki hərbi hissələrdə əsgəri-məişət-yaşayış kompleksləri tikilmiş, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılmış, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılmışdır. Bir faktı qeyd etmək yerinə düşər ki, son illər muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Eyni zamanda Naxçıvanda xalq-ordu birliyi özünün ən yaxşı ifadəsini tapmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin mütəmadi olaraq sərhəd bölgələrindəki hərbi hissələrdə olması, xidmətin vəziyyəti, əsgərlərin həyat tərzi və problemləri ilə maraqlanması şəxsi heyətə mənəvi-psixoloji dəstək verməklə onlarda vətənpərvərlik hisslərinin daha da güclənməsinə səbəb olmuşdur. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikanın müdafiə potensialı və gücü durmadan artır, müdafiə sistemi təkmilləşdirilir, hərbi birliklərin döyüş qabiliyyəti yüksək səviyyədə saxlanılır. Əlahiddə Ümumqoşun Ordunun əməliyyat işləri üzrə hazırlığının daha gücləndirilməsi məqsədi ilə xeyli sayda təlimlər keçirilib. Məhz görülən işlərin sayəsində Əlahiddə Ümumqoşun Ordu 2017-ci ildə döyüş və ictimai-siyasi hazırlıqda əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yerə layiq görülüb. Bunu da xatırladaq ki, ötən il oktyabrın 18-də muxtar respublikada ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən hərbi parad da ordumuzun Naxçıvanda yerləşən hissələrinin gücünü bütün dünyaya nümayiş etdirdi.

Bu il mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsində ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin silahlanmaya yeni qəbul edilən hərbi texnikalarla tanış olması isə ordumuzun silah arsenalının günbəgün genişləndirildiyini, maddi-texniki bazasının daha da gücləndirildiyini göstərir. Dövlətimizin başçısı növbəti dəfə Naxçıvanın təhlükəsizliyinin təmin olunması istiqamətində çox mühüm işlərin görüldüyünə diqqət çəkərək demişdir: Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusu ən müasir silahlar, texnika ilə təchiz edilmişdir. Biz son illər ərzində Azərbaycan Ordusunu böyük dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın coğrafi yerləşməsinə, relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir. Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda uğurlu əks-hücum əməliyyatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər.

Ölkə başçısının Naxçıvanın hazırki hərbi potensialı haqqında söylədiyi bu fikirlər qısa müddətdə praktiki baxımdan da öz təsdiqini tapdı. May ayının sonlarında düşmənin Naxçıvan istiqamətində əl atdığı təxribata cavab olaraq Əlahiddə Ümumqoşun Ordunun birləşmələri 26 ildir işğal altında olan Şərur rayonunun Günnüt kəndini və 11 min hektar ərazini azad edərək mühüm strateji üstünlüklər əldə etdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Hər bir dövlətin və cəmiyyətin həyatında ordu mühüm rol oynayır. Ordu müstəqillik rəmzidir. Xalqın əmin-amanlıqda yaşaması, dövlətin isə müstəqil olması üçün onun güclü, öz dövrünün tələblərinə cavab verən ordusu olmalıdır”.

Bu gün hər birimiz qürurla deyirik ki, artıq güclü ordumuz var. Ordumuz istənilən an işğal altındakı torpaqlarımızı azad etməyə hazırdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: