Çinar kölgəsində günüm xoş keçir

302

Çinar deyiləndə  hamının yadına əsrlərdir ayaqda duran  qalın gövdəli uca ağaclar və bir də onların sərin kölgəsi düşür. Çinar əsrlərlə yaşayan qollu-budaqlı,uca, təbiətə xüsusi  gözəllik gətirən  bir ağacdır.  Onları bəzən “Xan çinar”  da  adlandırırlar. Adətən, 1000-1500 il ömür sürən bu ağacların gövdəsinin diametri 12 metrə qədər böyüyə bilir. Əzəmət,məğrurluq, ucalıq rəmzi hesab edilən  çinarlarının hündürlüyü 25-30 metrə, bəzi hallarda isə 50 metrə çatır. Çinar ağaclarına   Türkiyə, Azərbaycan və Aralıq dənizi sahilində daha geniş şəkildə  rast gəlmək mümkündür. Bu ağaclar iqlimi fərqli olan havaya çox dayanıqlı və uzun ömürlüdür. Daha çox meşələrdə geniş yayılan çinar ağacları uzunömürlü və dekorativ xüsusiyyətlərə malik olduğuna görə bir çox şəhərlərin küçə və parklarında da əkilir. Bu şəhərlərdən biri də Ordubaddır.

 Ordubad   həm də   Xan çinarları ilə də məhşur olan tarixi bir şəhərdir. Tarixən dağlar və bağlar diyarı kimi tanınan  Ordubadda bağbanlar nəinki  meyvə ağaclarının, habelə  dekorativ ağacların da əkilməsinə  böyük önəm veriblər.  Bu gün yaşı yüz illərə, min illərə dayanan həmin çinar ağacları Ordubadın  hüsnünə bir yaraşıqdır.   Şəhərin özündə, Vənənd, Dırnıs və Düylün kəndlərindəki qoca çinarlar isə  hər kəsi  heyran edir.  Bu qocaman çinarlar  həm də insanların istirahətində, asudə vaxtının səmərəli keçməsində də mühüm yer  tutur.  Beləki, yorğun insan bu çinarların kölgəsində dincələndə bu yorğunluqdan  xilas olur. Sanki çinarların yarpaqlarında, budaqlarında bizim bilmədiyimiz bir hikmət var.

Ordubadın rəmzinə çevrilən , hüsnünə xüsusi bir gözəllik verən çinar ağacları   bu şəhərin tarixi, sirdaşıdır.  Təsadüfi deyil ki, XX əsrin əvvəllərində  Ordubadda olan məhşur səyyah  Nefodov deyib: Ordubad çinarları təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir”. OrdubadınSərşəhər və Ambarasməhəllələrindəki  qoşa çinarları    XIX əsrdə Rus alimi İ.Şopen, polyak tədqiqatçı A.Petzold, fransız yazıçısı A.Düma və başqaları öz yazılarında vəsf edib, Ordubad çinarlarının möhtəşəm vüqarına heyran qaldıqlarını bildiriblər.

Ta qədimdən   Ordubadın hər məhəlləsində məscid, məscidin önündə meydan, meydanın ortasında qocaman çinar və çinarların dibindən axan kəhriz-bulaqlar varmış. Bu ənənə elə bugünün özündə də qorunub saxlanılır .  Ordubadlı ağsaqqallar deyirlər ki, çinarlar ona görə çeşmələrin, məscidlərin yanında əkilib ki   məscidlər paklıq, çeşmələr isə saflıq rəmzidir. Şəhərin  Ambaras, Gürdətal, Üçtürləngə, Mingis və Sərşəhərməhəllələrindəki çinarların yaşı 500-600, bəzilərininki  900-1000 ildən çoxdur.

Ordubadın  Vənənd kəndindəki qollu budaqlı çinar ağacları da bura gələn hər kəsi əzəməti ilə heyran edir. Mavi göylərdən süzülən günəş şəfəqləri  bu kəndi sanki qoynuna alan çinarların üstündə oynaşır. Göylərə dirək kəsilib bu çinarlar.Kim bilir  neçədir  yaşları,neçə əsrləri,nəsilləri yola salıb. Vənənddə hansı nurani qocadan soruşsan ki, bu çinarların yaşı neçədir? Hamı bu sözləri deyəcək: Filan qədər yaşım var, elə gözümü açıb bu çinarları belə görmüşəm.

Dərinliklərə kök atan bu ağaclar  kəndi sanki öz ağuşuna alıb. İnsanlar bu görüntüdən zövq almaqla yanaşı, həm də yayda buraya sərinlənmək üçün toplaşır, şirin xatirələr danışır,ötənləri,  olub keçənləri yada salır,bugünkü firavanlıqdan söhbət açırlar.Sanki danışanlar isə adamlar deyil,elə çinarların özüdür.

Xəfif mehdən  titrəşən çinarların yarpaqları  elə bil xatirələr dəftərinin vərəqləri kimi vərəqlənir.Acılı,şirinli xatirələri yada salır.  Vənəndin  Came məscidinin həyətindəki çinar ağacının qalın gövdəsində vaxtilə çay evi, qəssabxana da  fəaliyyət göstərib,içərisinə 5-6 nəfər  rahat şəkildə sığışa bilib. Kənd sakinləri bu çinar ağaclarına ehtiramla yanaşıb onu qoruyurlar və  bu təbiət inciləri  bura gələn hər kəsin diqqətini çəkir.

El dilində, ədəbiyyatımızda çinarın yerini ağacların sırasında həmişə yuxarı başda, ucalarda görmüşük. Dost tanışlar bir-birinə “ Çinar qədər ömrün olsun”, “ Çinar qədər müqəddəs ol”, qəhrəman  oğullarımıza  “ Çinar boylu, çinar gərdənli  oğullar” deyiblər.

Çinarlara həmişə heyranlıqla baxmışıq. Bəlkə  də bu ağacın, az qala zamana meydan oxuyan əzəmətinə vurulmuşuq… Xalq şairi Nəbi Xəzrinin sözlərinə yazılan və   ölməz sənətkarımız Şövkət Ələkbərovanın ifasında eşitdiyimiz  “Dərələr” mahnısındakı «Əgər ki, yıxılsam, çinar göstərin» sözləri bu gün də hər birimizi  duyğulandırır.

Torpağa kök salan, kökü ilə ona bağlı olan  qocaman  çinarları illərin tufanları, qasırğaları, ən qorxulu təbiət hadisələri belə yıxa bilməyib.  Arana dağ vüqarı gətirən çinarın neçə-neçə şeirdə vəsfinə rast gəlmişik.  Kökü dərin, kölgəsi sərin çinarlara baxanda qeyri ixtiyari olaraq Xalq şairi Rəsul Rzanın  məşhur “Çinar” şeirini də xatırlayırıq:

 Xan çinarım əyməz məğrur başını.

 Kimsə bilməz Xan çinarın yaşını.

Gecə qara, durdum,düşündüm bir az,

 Dedim nədən ulu çinar yıxılmaz?

 Birdən çinar dilə gəlib, dedi:  bax!

 Bu torpaqda dərindən kök salaraq,

 Hər tərəfə uzatmışam qolumu,

 Övladlarım bürüyür sağ solumu.

 Belə məğrur dayanmağa haqlıyam,

 Mən kökümlə bu torpağa bağlıyam .

Şair bu şeirində insanlara o fikri aşılayır ki, çinar torpağa bağlanan kimi beləcəkeçmişimizə , kökümüzə, ulu babalarımızın qəhrəmanlığına  söykənmək lazımdır.

 Bəli,kökü ilə torpağa bağlı olan çinarlar təbiətin  bəzəyi, füsunkar gözəlliyidir.   Bu gün Ordubada, onun kəndlərinə  qonaq gedən hər kəs  qeyri-ixtiyari olaraq   Xan çinarların yanında ayaq saxlamalı olur,  elə yolun yorğunluğunu da çinarın kölgəsində dincələrk çıxarır.  Rayon mərkəzindəki  çinarların altında fəaliyyət göstərən çay evində  Ordubad limonu ilə çinarların kölgəsində içilən çayın isə əvəzi yoxdur.

 Bu gün  digər şəhər və rayonlarımızda, yol kənarlarında, parklarda   da çinar ağacı dekorativ bitki kimi geniş şəkildə əkilir.  Təbiidir ki , illər keçəcək   bu çinarlar da torpağa kök salacaq,qol budaq açacaq, gələcək nəsillər onların kölgəsində dincələcək, çinar isə  onlara  bu  yurdun tarixindən danışacaq. Çinarların əkilməsi isə  məqsədəuyğundur. Çünki çinar iri yarpaqları vasitəsilə şəhər atmosferinin tozunu və insan orqanizmi üçün zərərli qazları udaraq, ətrafda zəngin oksigen mənbəyi yaradır. Bu mikroiqlim insanlarda fiziki yorğunluğu aradan qaldırır, sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərir.

Çinar insanları  yalnız dekorativ quruluşu, ucalığı ilə maraqlandırmır.  Alimlər  onun yarpaq və oduncaqlarının əsl şəfa mənbəyi olmasını da vurğulayırlar..

Hələ yerə düşməmiş, budaqda tər vəziyyətdə olan çinar yarpağını qaynatdıqdan sonra bir neçə xəstəliyin müalicəsi məqsədilə istifadə etmək olar. Qaynadılmış məhlulun sümük və oynaq ağrılarının aradan qaldırılması, böyrək daşlarının təmizlənməsində çox böyük faydası var.

Qeyd edək ki, hazırda  bir sıra ölkələrin xalq təbabətində çinarın yarpağından və qabığından istifadə geniş yayılıb. Antiseptik xüsusiyyətlərə malik çinarın yarpağından və gövdəsinin qabığından hazırlanan dəmləmələr və məhlullar əsasən qızdırmanın salınmasında, saçdakı kəpəyin təmizlənməsində, baş dərisindəki qaşınmanın qarşısının alınmasında, ilan sancmasında, həmçinin sulu və açıq yaralar zamanı istifadə olunur. Nəmli torpaqları sevən  çinarın oduncağı mebel sənayesində də  geniş istifadə olunur.

Bir isti yay günündə çinar kölgəsində sərinləmək, dost tanışla çay içə-içə söhbət etmək necə də xoşdur. Bayaq Ordubad adətlərində çinar, məscid və çeşmə vəhdətindən danışdıq. Amma bu siyahıya insanı da əlavə eləmək lazımdır. Çinar, məscid, çeşmə və insan! Bu birliyimiz daimi olsun.

Türkanə Əmoyeva

Naxçıvan Dövlət radiosunun əməkdaşı

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: