Almaniya alimlərinin yeni texnologiyası virtual məkan üçün insanların üçölçülü modellərini yaratmağa imkan verir. Adətən insanın müxtəlif baxış bucaqlarından çəkilməsi üçün xüsusi avadanlıq və çoxlu kamera tələb olunur. Yeni alqoritm isə “3D” modelləri bir rakursdan çəkilmiş standart videomaterialdan istifadə etməklə yaradır.
NUHÇIXAN “Naukatv” resursuna istinadən yazır ki, proses üç mərhələdən ibarətdir. Əvvəlcə sistem insanın hərəkət etdiyi (360 dərəcə döndüyü) bir neçə saniyəlik videonu təhlil edir. Proqram bədənin üçölçülü formasının və əzələlərin yerləşdiyi yerin təxmini qiymətləndirməsini aparır.
İkinci mərhələdə sistem hər kadrdan yaradılan virtual insanı quraraq bütün informasiyanı eyni dəqiq modeldə birləşdirir.
Üçüncü mərhələdə alqoritm modelə rəng və tekstura tətbiq edir.
Tədqiqatçılar metodu müxtəlif bədən quruluşuna, geyimə və fona malik insanlar üzərində sınaqdan keçiriblər. “3D” modellərin orijinala uyğunluğunun dəqiqliyi 5 millimetr təşkil edib. Bundan başqa, modelin çəkisini, geyimini və pozasını dəyişmək mümkündür.
Hazırda mühəndislər yubka və uzun saçlarla əlaqədar çətinliklərin aradan qaldırılması ilə məşğuldurlar. Layihənin tam olaraq iyunda Solt-Leyk-Sitidə keçiriləcək konfransda təqdim olunması nəzərdə tutulur.