Mundialın “A” qrupundan səkkizdəbir finala Rusiya və Uruqvay milliləri yüksəlib

172

İyunun 20-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının VII gününün ikinci oyununda “A” qrupunda yer alan Uruqvay və Səudiyyə Ərəbistanı milliləri qarşılaşıblar.

AZƏRTAC xəbər verir ki, “Rostov Arena”da keçirilən qarşılaşmada minimal hesabla qalib gələn Uruqvay yığması Rusiyadan sonra səkkizdəbir finala vəsiqəni təmin edən ikinci komanda olub.

Oyunun taleyini həll edən yeganə qol matçın 23-cü dəqiqəsində vurulub. Künc zərbəsindən ötürmə zamanı qapıçının səhvindən istifadə edən Luis Suares topu yaxın məsafədən boş qapıya göndərib – 1:0. Bununla da Uruqvay millisinin heyətində 100-cü oyununa çıxan Luis Suares milli komandada 52-ci dəfə fərqlənib. Komandaların cəhdlərinə baxmayaraq, oyunda əlavə qol olmayıb.

Beləliklə, “A” qrupunda ilk turda Misir üzərindəki minimal hesablı qələbədən sonra Səudiyyə Ərəbistanı yığmasına da qalib gələn ikiqat dünya çempionları Rusiyadan sonra səkkizdəbir finala vəsiqəni təmin ediblər.

İki turdan sonra “A” qrupuna Rusiya yığması liderlik edir. Altı xal toplayan ev sahibləri rəqib qapılarına 8 top vurub, öz qapılarından bir qol buraxıblar. Eyni xala malik Uruqvay yığması 2 qol vursa da, qapısını toxunulmaz saxlayıb. Hər iki görüşdə məğlub olan Misir yığması top fərqinə görə üçüncü, Səudiyyə Ərəbistanı isə qrupda sonuncu pillədədir.

“A” qrupunun iyunun 25-də eyni vaxtda keçiriləcək sonuncu qarşılaşmalarında Rusiya və Uruqvay yığmaları üz-üzə gələcəklər. Bu görüşün nəticəsinə əsasən qrup birincisi müəyyənləşəcək. Çempionatda heç bir iddiası qalmayan Misir və Səudiyyə Ərəbistanı seçmə komandaları isə təsəlliverici qələbə uğrunda yarışacaqlar.

Mundialın yeddinci gününə “B” qrupunda yer alan İran-İspaniya oyunu ilə yekun vurulacaq. İran ilk turda Mərakeş yığmasını 1:0 hesabı ilə məğlubiyyətə uğradıb. İspaniya isə Portuqaliya ilə heç-heçə edib – 3:3. Bu gün Mərakeş yığmasını 1:0 hesabı ilə məğlub edən portuqaliyalılar hazırda 4 xalla qrupa liderlik edirlər. İspaniya yığması səkkizdəbir finala yüksəlmək şanslarını yaxşılaşdırmaq üçün İran yığmasını mütləq məğlub etməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: