Moskvada İslam dünyasının keramika sərgisi keçirilir

187

Müsəlman Şərqinin keramika məmulatları Moskvada dörd ay müddətində keçiriləcək sərgidə nümayiş olunacaq. Rusiya paytaxtının sakinləri və qonaqları oktyabrın 14-dək “Kuskovo” muzey-malikanəsinin fondundakı “Fərqli incəsənət: XIV-XVIII əsrlər İslam dünyası keramikasında gözəllik formulu” adlı ekspozisiya ilə tanış ola biləcəklər.

NUHÇIXAN kuskovo.ru saytına istinadla xəbər verir ki, ekspozisiyada ərəb ölkələri, İran, Orta Asiya, Osmanlı imperiyası dövründə türk, həmçinin İspaniyanın cənubu və Portuqaliya keramika məmulatları yer alıb. Sərgidə kasalar, nimçələr, qablar, vazalar, qəlyan üçün sər, mücrülər, kaşılar (lövhə və panno) təqdim edilir. Burada unikal incəsənət əsəri olan və adını qulpunun formasından almış “qanadlı vaza” da sərgilənir. Vaza XV əsrin son rübünə aid Valensiya ustalarının əl işidir. XVIII əsrə aid delfin fiqurunda ispan qabı da maraqlı eksponatlardandır.

İslam keramikasını dünya mədəni irsi çərçivəsində unikallığı ilə fərqləndirən cəhətlər var. Canlıların təsvirinə şəriət qadağası səbəbindən keramika incə kalliqrafik yazılarla, daha çox müqəddəs Quran ayələri ilə işlənilib. Sözlərin və hərflərin vəhdəti çiçək, meyvə və heyvanları əks etdirən naxışlar yaradır. Həmçinin rənglərin xarakterik parlaqlığı qeyd olunmalıdır. Eksponatlarda kalliqrafiya ilə yanaşı, naxışların həndəsi, bitki formaları, nəhayət, Şərqin bədii ornament fəlsəfəsinin zirvəsi sayılan arabesklər: İlahi gözəlliyin və Yer üzündə həyatın davam etməsinin rəmzi olan bitki motivlərinin intəhasız və möcüzəvi çulğalaşması da mövcuddur.

Təqdim olunan ekspozisiya müsəlman Şərqində incəsənətin spesifik cəhətini – cah-calal meyilini çox gözəl əks etdirir. Material və formaların rəngarəngliyi, müxtəlif ornamentlərdən, parlaq rənglər və işıq parıltısında istifadə edilməsi sadə məişət ləvazimatını qiymətli bir əşyaya çevirir. Xristian incəsənətindən fərqli olaraq, bu nümunələr müstəsna olaraq seyr etmək və bər-bəzək üçün yaradılıb və bu səbəbdən də məişətdə istifadə olunmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: