Elon Mask Çikaqoda sürətli yeraltı nəqliyyat sistemi inşa edəcək
Elon Maskın “The Boring Company” şirkəti Çikaqo hava limanı ilə şəhər mərkəzi arasında sürətli yeraltı nəqliyyat sisteminin tikintisi üzrə tenderin qalibi olub.
NUHÇIXAN “Chicago Tribune” nəşrinə istinadən xəbər verir ki, Mask tərəfindən irəli sürülən layihə 16 sərnişinlik pilotsuz vaqonlardan istifadəni nəzərdə tutur.
Vaqonlar diametri 4 metrdən bir qədər çox olan yeraltı tunellərlə saatda 160 km-dən çox sürətlə hərəkət edəcək.
Aeroport və şəhər mərkəzi arasında olan yola 12 dəqiqə sərf olunacağı ehtimal edilir. Hazırda metro vasitəsi ilə eyni məsafəni 40 dəqiqəyə getmək mümkündür.
“The Boring Company”nin hesablamalarına görə, vaqonlar hər yarım dəqiqədən bir yola çıxacaq və saatda 2 min nəfərə yaxın sərnişin daşımaq iqtidarında olacaq.
İnşaat işlərinin dəqiq nə zaman başlanacağı tarix bilinmir. Layihənin dəyəri təqribən 1 milyard dollara yaxındır.