Naxçıvan teatrı qastrol səfərinə çıxıb
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının muxtar respublikanın rayonlarına qastrol səfərləri başlanıb.
NUHÇIXAN xəbər verir ki, aprelin 19-da teatr Şərur Mədəniyyət Sarayında görkəmli türk dramaturqu Tuncər Cücənoğlunun “Rəngsaz” komediyasını rayon sakinlərinə təqdim edib. Tamaşanın qəhrəmanı olan rəngsazı təmir etdiyi klinikada geyiminə görə həkimə bənzədirlər. O isə insanları ancaq öz xoş rəftarı və qayğısı ilə “sağaldır”.
Tamaşada teatrın aparıcı aktyorları xalq artisti Rza Xudiyev, Azərbaycan Respublikasının əməkdar artistləri Behruz Haxverdiyev, Əli Əliyev, Əbülfəz İmanov və başqaları rol alıb.
“Rəngsaz” tamaşasının quruluşçu rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundovdur.
“Rəngsaz” tamaşası Sədərək rayonunda və muxtar respublikasının digər rayonlarında da göstəriləcək.