Günnüt qəhrəmanı Asəf Rəhimov
Vidadi Həsənov: “Ermənilər onun cəsədinə görə 20 ton benzin və 10 avtomat istəyirdilər”
… Özüm Şərur rayonun Kərimbəyli kəndində yaşayıram. Bu gün səhər gəzintisi zamanı Naxçıvan-Sədərək magistral yolunda “GÜNNÜT” kəndinin yol göstərici nişanını gördüm. Ürəyim dağa döndü, qürurlandım… Bu yol nişanı mənə üçrəngli bayrağımıızı xatırlatdı, bu bayrağın tezliklə işğal olunmuş bütün torpaqlarda qaldırılacağına dərin inam yaratdı…
Xəyalım 1990-cı illərə, texnikasız, yüngül çaplı silahlarla Ermənistanla sərhəd kəndlərimizin keşiyində durduğumuz çağlara, o cümlədən Günnüt kəndinə getdi…Təəssüf ki, həmin illərdən düşmənə əsir düşən Günnüt qəlbimizin sızlayan yarasına çevrilmişdi…
Heç vaxt unudulmayan və xatirəsi qəlbimizdə əbədi yaşayacaq şəhidimiz, Günnütün qəhrəmanı olan Asəf Rəhimovun ruhu düz 26 il idi ki, həsrətlə yolumuzu gözləyirdi. Yol kənarında gördüyüm “Günnüt” nişanı məni Asəfi, onun döyüş yolunu və qəhrəmanlığını bir daha xatırlamağa sövq etdi…
Polis nəfəri olan Asəf 1992-ci ilin may ayının 9-da adını qəhrəmanlıq tariximizə əbədi yazdıra bildi. Gərgin döyüşlərin birində Günnüt kəndinin müdafiəsi zamanı canı bahasına 18 nəfər döyüş yoldaşını mühasirədən xilas etdi. Düşmənin ardı-arası kəsilməyən hücumlarının qarşısını son damla qanına qədər döyüşməklə aldı. O, xain ermənilərin əlinə keçməsin deyə, sonuncu gülləsini özünə sıxdı.
Asəfin nəşindən belə qorxan erməni quldurları onun cəsədini özləri ilə apararaq qaytarmaları üçün 20 ton benzin və 10 avtomat silahın onlara verilməsini şərt qoymuşdular. Naxçıvan Muxtar Respublikası Daxili İşlər nazirliyinin rəsmilərinin Asəfin nəşinin qaytarılması üçün ermənilərlə apardığı danışıqlar nəticəsiz qalmışdı. O zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən ümummilli Liderimiz Heydər Əliyevin Ermənistan prezidenti Levon Ter-Petrosyanla danışığından sonra 12 may 1992-ci ildə Asəfin nəşi düşməndən alınaraq anadan olduğu Düdəngə kəndində torpağa verildi.
Adını həmişə qürurla səsləndirdiyimiz Günnüt qəhrəmanı Asəf Rəhimov Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olundu.
Artıq Günnüt kəndi bizimdir. İndi mənim yalnız bir arzum var. Bir vaxt döyüşdüyüm o kəndi yenidən, döyüşçü kimi yox, bir veteran, qazi kimi ziyarət etmək. Qürurluyam ki, uğrunda qan tökdüyümüz Vətənimizin bir parçası olan Günnüt kəndinin mühafizəsi indi etibarlı əllərdə, öz əsgərlərimizin nəzarətindədir. Ulu babalarımızın bu torpaqlarda dolaşan ruhları indi dinclik tapıb!
Qoy düşmən bir şeyi heç vaxt unutmasın ki, bu gün hər bir gəncimiz silahlı əsgərdi – Asəf Rəhimovdu, Mübariz İbrahimovdu, Adil Tatarovdu, Yusif Mirzəyevdi…
Necə deyərlər,
Yüz-yüz itən varsa, min-min də bitən var.
Şükr eyləyəlim ki, bizlərdən həm əvvəl,
Həm sonra Vətən var!
Vidadi Həsənov,
İstefada olan polis polkovnik-leytenantı,
Müharibə veteranı