Rusiyadan idxal olunan buğda məhsulunda karantin alaq otunun toxumları aşkarlanıb
Rusiya Federasiyasından Azərbaycan Respublikasına idxal olunan ərzaqlıq buğda məhsulunda karantin tətbiq edilən alaq bitkisinin toxumları aşkar edilib.
NUHÇIXAN xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişləri Rusiya Federasiyasından idxal edilən ümumi çəkisi 1636.02 ton olan ərzaqlıq buğda məhsuluna baxış keçiriblər. Baxış zamanı məhsuldan götürülmüş nümunələr ekspertiza üçün Respublika Karantin Ekspertiza Mərkəzinin Herbologiya laboratoriyasına təqdim olunub. Laboratoriyada həyata keçirilən ekspertiza zamanı məhsulda karantin tətbiq edilən alaq bitkisi – sürünən kəkrə (Acroptilon repens (L.) DC) toxumları aşkar olunub.
Sirayətlənmiş buğda məhsulunun xüsusi aqreqatlar vasitəsilə təmizlənməsi, ayrılmış çıxarın alaq toxumları ilə birlikdə yandırılması nəzərdə tutulub. Fitosanitar tədbirlər həyata keçirildikdən və məhsul alaq toxumlarından tam təmizləndikdən sonra təyinatı üzrə istifadəsinə icazə veriləcək.
Qeyd edək ki, sürünən kəkrə əsasən əkin sahələrini, bağları, çəmənləri və otlaqları alaqlandırır. Bitki payızlıq buğdadan 2-5 dəfə artıq qida maddələri mənimsəyir. Kök sistemi tərəfindən ifraz edilən toksiki maddələr mədəni bitkilərə təsir edir. Kəkrə toxumları əsasən taxıl və ot bitkilərinin toxumları və ot küləşi ilə, səbətcikləri isə su vasitəsilə yayılır.
Alaq otu yeni ərazilərə bir qayda olaraq bitki məhsulları ilə daşınır. Bunun qarşısını almaq üçün fitosanitar karantini tətbirlərinə ciddi əməl edilməli və toxumların yeni ərazilərə yayılmasının qarşısı alınmalıdır.