Bol meyvəsi, mürəbbəsi bəzəyidir Ordubadın

166

Yaz ilə yayın qovuşduğu bu aylarda Ordubad rayonunda ənənəvi mürəbbə bişirilməsi mövsümüdür. Bu dövrdə xanım-xatın qadınlarımız təsərrüfatlarda yetişdirilən ləziz Ordubad meyvələrindən dillər əzbəri olan Ordubad mürəbbələri hazırlayırlar.

Rayonumuzun Vənənd kəndində isə meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi üzrə ixtisaslaşmış müəssisə fəaliyyət göstərir. “Ordubad qənnadı məmulatları” Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə tanınan bu müəssisədə il ərzində 116 çeşiddə məhsul istehsal olunur. Müəssisədə qoz, ərik, gilənar, gilas, heyva, şaftalı, albuxara, armud, tut meyvələrindən və qızılgüldən müxtəlif çeşiddə mürəbbə və soklar hazırlanır, boymədərandan, batrıncdan, bizovşadan, qırxbuğumdan, nanədən və çayırotundan isə müalicəvi ekstratlar hazırlanır. Həmin məhsullar rayonumuzla yanaşı Naxçıvan və Bakı şəhərlərində də satışa çıxarılır. Bu müəssisə Vənənd, Vələver, Qoruqlar, Ağrı, Dizə, Xanağa, Başkənd və digər ətraf yaşayış məntəqələrinin təsərrüfatlarından uyğun qiymətə meyvə məhsulları tədarük edərək mürəbbə hazırlanmasında istifadə edir.

Müəssisədə bişirilən mürəbbələrin bir qisminin hazırlanma qaydası barədə həmin müəssisənin mütəxəssisi Yaqut Babayevadan məlumat verməsini xahiş etdik. O, qoz və ərikdən, eləcə də qızılgüldən hazırlanan mürəbbələr haqqında ətraflı məlumat verdi. İndi həmin məhsulların hazırlanması qaydası ilə sizləri də tanış edirik:

Qoz mürəbbəsi

Mürəbbəni bişirmək üçün qabığı bərkiməmiş sütül yaşıl qoz götürülür. Qozun qabığı nazik soyulur və gündə iki dəfə suyunu dəyişdirmək şərti ilə acılığı çıxana qədər 5-6 gün suda saxlanılır. Elə ki, soyulmuş qozun suyu duruldu, onu əhəng suyunda 1 gün saxlayırlar. Əhəng suyunda olan qozu gün ərzində kəfkirlə qarışdırırlar. Əhəng suyundan çıxarılmış qozu hər dəfəsi 15-20 dəqiqə olmaqla iki dəfə qaynatmaq lazımdır. Bundan sonra qozlar bir neçə yerdən çəngəllə deşilir və zəy qatılmış suda qaynadılır ki, acısı tamamilə çıxsın. Bundan sonra 8 litirlik vedrə həcmindəki qoza 500 qram şəkər tozu qataraq yenə 15-20 dəqiqə qaynadılır. Daha sonra 1 kiloqram qoz (təqribən 60-65 ədəd) üçün 1,2 kiloqram şəkər tozu götürülüb şirə hazırlanır. Həmin şirəyə tənzif içərisinə qoyulmuş 5-6 ədəd mixək, hil, darçın əlavə edilir və qozlar bu şirədə 2-3 dəfə (arada 4-6 saat saxlamaq şərti ilə) bişirilir. Axırda hazır mürəbbəyə limon turşusu əlavə edərək 5-10 dəqiqə qaynadaraq ocağın altı söndürülür. Hazır mürəbbə soyuduqdan sonra şüşə balon və bankalara yığılaraq dəmir qapaqla bağlanılır.

Ərik mürəbbəsi

Bu mürəbbəni bişirmək üçün orta böyüklükdə ağ ərik və ya limon ərik götürülüb yuyulur, soyularaq əhəngli suda 2-3 saat saxlanılır. Sonra həmin sudan çıxarılan əriklər təkrar yuyularaq 5-10 dəqiqə qaynar suda saxlanılır. Bundan sonra əriyin çəyirdəyi çıxarılır. Bəzən çıxarılan çəyirdək sındırılaraq ləpəsi əriyin içərisinə qoyulur. Həmin əriklər ləyənə yığılaraq hər layın üzərinə 500 qram şəkər tozu səpilir. Ləyəndəki əriyin suyu üzünə çıxdıqdan sonra, ləyən ocaq üzərinə qoyularaq 40-50 dəqiqə qaynadılır. Mürəbbə qaynayarkən əmələ gələn kəf alınır. Əriklər şəffaflaşdıqda, şirə nisbətən qatılaşdıqda üzərinə limon duzu əlavə edilərək bir neçə dəqiqədən sonra oddan götürülür.

Gül mürəbbəsi

Bu mürəbbəni bişirmək üçün qızılgülün ləcəkləri arıtlanır, onların aşağıdakı ağ hissələri kəsilib atılır. Qayçı ilə doğranıb yuyularaq süzgəcə boşaldılır. Suyu süzülən qızılgül ləçəkləri ləyənə boşaldılır. 100 qram qızılgül ləçəyinə 500 qram  şəkər tozu və cüzü miqdarda limon duzu əlavə edilərək əllə ovulur. Ovulan qızılgül ləçəkləri əllə qartopu boyüklükdə düzəldilərək şirəsi çıxmaq üçün ləyənin bir kənarına qoyulur. Bu zaman hər 100 qram qızılgül üçün 500 qram şəkər tozundan şirə hazırlanır, və qartopu şəklindəki ləçəklər həmin şirənin içərisinə tökülərək 1 saata yaxın qaynadılır. Mürəbbəni ocaqdan götürməyə 10 dəqiqə qalmış əvvəlcədən götürülmüş qızılgül suyu hazır mürəbbəyə qatılır.

Hazırda Ordubad rayonunda mürəbbə bişirilməsinin qızğın çağıdır. Sevindirici haldır ki, yüz illər boyunca əldə olunan təcrübələrdən rayonumuzun qadınları layiqincə yararlanaraq süfrələrimizi dadlı Ordubad mürəbbələri ilə bəzəyirlər.

              Abbas Hüseynoğlu

“El həyatı” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: