İran İslam Respublikasının xarici işlər naziri Naxçıvan Muxtar Respublikasında səfərdə olub

143

Aprelin 6-da İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

Nuhcixan.az xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında qonağı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov, Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov, Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov, İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulu Mənsur Ayrom və digər rəsmi şəxslər qarşılayıblar.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif hava limanında jurnalistlərə qısa müsahibə verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dəvəti əsasında muxtar respublikaya səfər etdiyini bildirən nazir bu səfərin ikitərəfli münasibətlərin inkişafına və yeni əməkdaşlıq imkanlarının yaradılmasına töhfə verəcəyini bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
İranın xarici işlər naziri ilə görüşüb

Aprelin 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.

Ali Məclisin Sədri dəvətini qəbul edib Naxçıvan Muxtar Respublikasına səfər etdiyinə görə Məhəmməd Cavad Zərifə təşəkkür edib. Ali Məclisin Sədri ötən il İran İslam Respublikasına səfəri zamanı göstərilən qonaqpərvərliyə, eləcə də səfərdən ötən qısa zaman ərzində əlaqələrin inkişafı sahəsində görülən işlərə görə İranın xarici işlər nazirinə bir daha təşəkkürünü bildirib. Qeyd olunub ki, hökumətlərarası komissiyanın növbəti iclasında əlaqələrin inkişafı sahəsində digər məsələlərin də həlli nəzərdə tutulub.

Ali Məclisin Sədri deyib: Bu gün hər iki ölkə prezidentlərinin səyi ilə Azərbaycan-İran əlaqələri uğurla inkişaf edir. Qısa müddət ərzində Azərbaycan və İran prezidentlərinin 11 dəfə görüşməsi, həyata keçirilən qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin daha da inkişafına səbəb olmuşdur. Ölkələrimiz arasında siyasi və iqtisadi sahədə əməkdaşlıq getdikcə genişlənir. İran İslam Respublikasının xarici işlər nazirinin muxtar respublikaya səfəri də əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Səfər zamanı keçirilən görüşlər və aparılan müzakirələr əməkdaşlığın genişlənməsinə böyük təkan verəcəkdir. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasında da əlaqələr müxtəlif sahələr üzrə inkişaf etdirilir. Nəqliyyat, təhsil, iqtisadi-ticarət, energetika, gömrük, dəmir yolu və digər sahələrdə uğurlu əməkdaşlıq vardır. Naxçıvan-Təbriz-Məşhəd-Naxçıvan beynəlxalq sərnişin qatarının və avtobus marşrutlarının fəaliyyət göstərməsi, İrandan olan tələbələrin Naxçıvanda təhsil alması, qarşılıqlı gediş-gəlişin artması bunu bir daha təsdiq edir.

Ali Məclisin Sədri xalqlarımız arasında mehriban münasibətlərin olduğunu diqqətə çatdırıb, bunu qarşılıqlı əlaqələrin göstəricisi kimi dəyərləndirib, münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirib.

Məhəmməd Cavad Zərif Naxçıvanda olmaqdan məmnunluğunu bildirib, göstərilən səmimi münasibətə görə minnətdarlıq edərək deyib: Naxçıvan Muxtar Respublikasının inkişafı göz qabağındadır. Bu da əlaqələrin inkişafı üçün geniş imkanlar açır. İran İslam Respublikası Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. Hazırda ölkələrimiz arasındakı əlaqələr ən yüksək səviyyədədir. Son illər dövlət başçıları arasında keçirilən görüşlər və qəbul olunan qərarlar bunu bir daha təsdiq edir. İranın Şərqi və Qərbi Azərbaycan vilayətləri ilə Naxçıvan Muxtar Respublikası arasındakı mövcud əlaqələrin daha da genişləndirilməsi və əməkdaşlığın müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensial vardır. Naxçıvan şəhəri 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı, Təbriz şəhəri isə İslam Dünyasının Turizm paytaxtı seçilmişdir. Bu da imkan verir ki, turizm və mədəniyyət sahəsində əlaqələr daha da inkişaf etsin.

Söhbət zamanı qarşılıqlı maraq doğun məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə və Naxçıvandakı Baş konsulu Mənsur Ayrom, Azərbaycan Respublikasının İrandakı səfiri Bünyad Hüseynov və Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov görüşdə iştirak ediblər.

“Duzdağ” Fizioterapiya Mərkəzi ilə tanışlıq

Həmin gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif “Duzdağ” Fizioterapiya Mərkəzində olub.

Qonağın diqqətinə çatdırılıb ki, 1979-cu ildə duz mədənlərinin bazasında yaradılan Duzdağ Fizioterapiya Mərkəzində bronxial astma və ağ ciyər bronx sisteminin digər qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunur. Burada havanın temperaturu və rütubət sabitdir. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzə dünyanın bir çox ölkələrindən müraciətlər olur. Mərkəzdə İran İslam Respublikasının müxtəlif bölgələrindən olan insanlar da müalicə olunurlar.

Sonra İranın xarici işlər naziri ölkəsinin Naxçıvandakı Baş Konsulluğuna gəlib, konsulluğun əməkdaşları ilə görüşüb və onların iş şəraiti ilə maraqlanıb.

İranın xarici işlər naziri Naxçıvan
Dövlət Universitetində olub

Aprelin 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Naxçıvan Dövlət Universitetində olublar.

Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov İran İslam Respublikasının xarici işlər nazirini salamlayaraq deyib ki, 1967-ci ildə yaradılan Naxçıvan Dövlət Universiteti ötən 50 ildə böyük inkişaf yolu keçib. 108 hektar sahədə yerləşən universitetdə 16 tədris korpusu, elektron kitabxana, konservatoriya, Sosial Xidmət Mərkəzi, xəstəxana, Olimpiya İdman Mərkəzi, Baytarlıq Təbabəti Klinikası, Tələbə evi və Universitet Media Mərkəzi yaradılıb. Universitetdə elektron idarəetmə və tədris sistemi istifadəyə verilib, kadr hazırlığına diqqət artırılıb. Hazırda universitetdə tarix-filologiya, pedaqoji, iqtisad, beynəlxalq münasibətlər və xarici dillər, fizika-riyaziyyat, memarlıq və mühəndislik, təbiətşünaslıq və kənd təsərrüfatı, sosial idarəetmə və hüquq, incəsənət, tibb fakültələri, eləcə də magistratura, xarici tələbələrlə iş üzrə dekanlıq və Distant Tədris Mərkəzi fəaliyyət göstərir.

Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetində 58 ixtisas üzrə bakalavr, 68 ixtisas üzrə magistr, 35 ixtisas üzrə doktorant hazırlığı aparılır. Hazırda universitetdə 5317 bakalavr, 238 magistr, 188 doktorant təhsil alır. Bununla yanaşı, 9 xarici ölkədən 300-ə yaxın tələbə təhsil alır. Universitetdə elmi-pedaqoji fəaliyyətlə 421 müəllim məşğul olur ki, onun da 2-si akademik, 7-si AMEA-nın müxbir üzvü, 16-sı elmlər doktoru, 153-ü fəlsəfə doktorudur. Universitetdə dissertasiya şurası fəaliyyət göstərir. Hazırda universitetdə 48 elektron lövhə, 780 kompüter, 14 internet mərkəzi var. Bu da yeni təlim üsullarının, o cümlədən elektron təhsilin tətbiqinə əlverişli şərait yaradır. Milli reytinq tədqiqatlarının nəticələrinə əsasən, Naxçıvan Dövlət Universiteti Azərbaycanda fəaliyyət göstərən 19 dövlət, 9 qeyri-dövlət ali təhsil müəssisəsi arasında 2 dəfə birinci yerə layiq görülüb.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif universitetin tələbələri üçün İran-Azərbaycan münasibətlərinə dair mühazirə oxuyub. Nazir müasir dövrdə ölkələr arasındakı əlaqələrin vəziyyətinə nəzər salıb, İran-Azərbaycan münasibətlərinin nümunə gücündə olduğunu bildirib, sülhün və beynəlxalq təhlükəsizliyin təmin olunması sahəsində birgə təşəbbüslərin əhəmiyyətini qeyd edib.

X X X

Aprelin 6-da İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.

Naxçıvan Beynəlxalq Hava Limanında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi yola salıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: