Fədakar ziyalı – arxeoloq Vəli Baxşəliyev

317

Onu yayın istisində, bəzən insanların çox az-az getdikləri qədim yaşayış yerlərində, üzərini bozumtul kül basan kurqan təpələrin ətrafındakı qazıntı meydanlarında görürük. Tariximizin min illər öncəki hadisələrini keramika nümunələri, tapılan cilalı daşlar, gil qabları və ox ucluqlarında yorulmadan araşdıran arxeoloq Vəli Baxşəliyevi yəqin ki, tanımayan yoxdur. Çünki onu muxtar respublikanın tarixi ilə bağlı hər bir kəndində, şəhərində, yaşayış yerində görmək mümkündür. Min illik sükut içində yatan, amma özündə bütöv bir tarixi dövrü, insan talelərini, sadə adamların, qəvi hökmdarların, cəsur sərkərdələrin həyatını danışmağa hazır olan hər saxsı parçası, hər məzar daşı onun üçün ən yaxşı həmsöhbət, ən zəngin məlumat mənbəyidir.

Uzun illərdir ki, Naxçıvanımızı az qala qarış-qarış gəzərək tədqiq edən, dünəninə işıq salan işıqlı insanlardan biridir Vəli müəllim. İşinin vurğunu, peşəkarı olan  görkəmli tarixçi, arxeoloq, alim Vəli Baxşəliyev Naxçıvan tarixinin araşdırılmasında və Naxçıvan arxeologiyasının mühüm nailiyyətlər əldə etməsində böyük xidmətləri olan  ziyalılarımızdandır.

İnadla tədqiq etdiyi onlarla abidə onun və rəhbərlik etdiyi ekspedisiya üzvlərinin sayəsində öz tarixini, keçmişini  bu günkü elmimiz, elm adamlarımız üçün məmnuniyyətlə  açıb  danışıb.  Etiraf edək ki, Naxçıvanda arxeologiya deyiləndə ilk dəfə göz önünə məhz bu fədakar alim gəlir.

1955-ci ildə Kəngərli rayonunun Böyükdüz kəndində doğulan  Vəli Baxşəliyev hələ uşaq yaşlarından-orta məktəb illərindən tariximizə   maraq göstərib. 1972-ci ildə Xok kənd tam orta məktəbini bitirərək 1973-cü ildə Naxçıvan Dövlət Universitetinin  Tarix fakültəsinə daxil olub. 1977-ci ildə bu ali təhsil ocağını bitirərək Azərbaycanın müxtəlif rayonlarında müəllim olaraq çalışıb. Lakin elmi tədqiqat işlərinə olan marağı  nəticəsində 1982-ci ildə A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasına qəbul olur. 1986-cı ildə oranı müvəffəqiyyətlə  bitirərək “Qədim Naxçıvanın  metallurgiya və metalişləmə sənəti” mövzusunda  namizədlik dissertasiyası yazaraq SSRİ Elmlər Akademiyasında Namizədlik  dissertasiyasını, 2005-ci ildə isə “Naxçıvanın qədim tayfalarının mənəvi mədəniyyəti” adlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.

Vəli Baxşəliyev 1988-ci ildən başlayaraq Naxçıvan Muxtar Respublikası ərazisində olan abidələrin qeydə alınması ilə bağlı araşdırmalar apararaq  aşkar olunan abidələr haqqında  monoqrafiya və müxtəlif əsərlər çap etdirib. 2006-cı ildən ABŞ-ın Corciya Universiteti və Fransanın Lion Universitetinin əməkdaşları ilə birlikdə Naxçıvan Muxtar Respublikasının  Oğlanqala, Ovçular təpəsi,  I Kültəpə, Maxta Kültəpəsi,  habelə onlarla digər  abidələrdə  tədqiqat işləri aparıb. Maraqlı faktlardan biri də, işlədiyi beynəlxaq ekspedisiyalardakı əcnəbi alimlərlə birbaşa ünsiyyət qurmaq üçün hətta az bir zamanda onlardan ingilis dilini də öyrənib.     Tədqiqat  fəaliyyəti və yaradıcılığı olduqca zəngin olan alimin apardığı tədqiqatların nəticələri elmi əsərlərində öz əksini tapıb. 30 kitabın, 300-ə yaxın  elmi  məqalənin müəllifidir.  Əsərlərinin bir qismi ingilis, rus,  alman, fars və türk  dillərində nəşr olunub. Naxçıvan tarixi abidələri ensklopediyasının hazırlanmasında yaxından iştirak edən  alim 600-dən artıq elmi məqalə yazıb, habelə  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  sərəncamı ilə  “Naxçıvan  tarixi” çoxcildliyinin yazılmasında, “Naxçıvan abidələri  ensiklopediyasının”, iki cilddə “Naxçıvan ensiklopediyası”nın tərtibi və yazılmasında da  bu zəhmətkeş alim  fəallıqla iştirak edib.  Müxtəlif illərdə apardığı tədqiqatların nəticəsi olaraq kitabları və  geniş məqalələri çapdan çıxıb.

AMEA Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun Arxeologiya şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev bütün bu xidmətlərinə və elmin inkişafındakı səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin  sərəncamı ilə Tərəqqi medalı ilə  təltif edilib, AMEA Rəyasət heyətinin fəxri fərmanını alıb.

Vəli müəllim bu gün də  tariximizi, arxeologiyamızı yorulmadan öyrənir və təbliğ edir. Bu işin kökündə isə tariximizə olan sevgisi dayanır. Onun qələmindən çıxan Naxçıvanın zəngin tarixi, keçmişi, 5 min illik  şəhərsalma mədəniyyəti ilə bağlı yazıları nəinki Azərbaycan oxucuları, dünya səviyyəli elm adamları da maraqla oxuyur. Bu onu göstərir ki, professor adına layiq görülən Vəli Baxşəliyev dünya miqyasında tanınan tədqiqatçıdır. Elmi əsərləri, kitabları dünyanın bir çox kitabxanalarında saxlanılır. Naxçıvan Muxtar Respublikasında qədim dövrlə bağlı yeni abidələrin tədqiq olunması və dünyaya tanıdılması istiqamətində sözsüz ki, onun  əməyi böyükdür.  Bu gün Vəli müəllimin 63 yaşı tamam olur. Yaşının bu çağında da gənclik həvəsi ilə tədqiqat işlərini davam etdirən, Naxçıvanın çöllərini, düzlərini, abidələrini yorulmadan dolaşan, tədqiq edən arxeoloq bu işi özü üçün  şərəfli bir iş və  vətəndaşlıq borcu sayır.

Türkanə Əmoyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: