Gənclərin vətənpərvərlik tərbiyəsi günümüzün vacib məsələsidir

399

Vətən hər birimizin müqəddəs səcdəgahı, pənah yeridir. Dünyada ən böyük qəhrəmanlıqlar da məhz vətən naminə edilib. Vətən üçün kimlər öz əziz canından keçməyib ki?! Görkəmli şəxsiyyətlər, qorxmaz sərkərdələr, cəsur igidlərin çiynində yüksəlib bu vətən!

Vətən haqqında xalq yaradıcılığında: mahnılarda, bayatılarda, zərbi-məsəllərdə, atalar sözlərində gözəl fikirlər söylənilmişdir. “Qürbət eldə bəy olunca, vətənində dilən gəz”, “Vətənə gəldim-imana gəldim” və s. kimi bənzərsiz nümunələr nəsildən-nəslə keçərək ürəklərdə yaşamış, həmişə təravətli qalmışdır. Şifahi yaradıcılığımızda olduğu kimi, klassik və müasir yazılı ədəbiyyatımızda da vətən mövzusu böyük məhəbbətlə, sənətkarlıqla işlənmişdir.

“Vətən” məfhumu dövrlə, tarixi şəraitlə əlaqədar olaraq dəyişir, daha geniş məzmun kəsb edir. Dünyada hər şey kiçilər, amma vətən kiçilməz.  Hər şeydən keçmək olar, vətəndən keçmək olmaz.      Əslində vətənlə bağlı hissləri, düşündüklərimizi ifadə etmək heç də asan deyil. Yəni, vətən bizim hisslərimizdən, düşündüklərimizdən də qat-qat yüksəkdədir. Onu tərif edə biləcək söz isə məhəbbətlə yoğrulan ən qüdrətli kəlamdır.

“Əsl vətəndaş vətənpərvər olmalıdır, gənclərimizə vətən sevgisi aşılanmalıdır” kimi ifadələrə tez-tez rast gəlirik. Bu da təbiidir. “Azərbaycanın gələcəyi gənclərə məxsusdur”- deyən dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə gənclərimizin hərtərəfli inkişafına imkanlar açan müvafiq tədbirlər həyata keçirmiş və tez bir zamanda müstəqil Azərbaycanımızın gələcəyini qoruyub saxlaya biləcək gənc nəsillərin yetişdiyinə əminliyini belə ifadə etmişdir: “Müstəqil Azərbaycan ifadəsi indi hamı üçün əzizdir, bunu hamı təkrar edir. Ancaq hər kəs də başa düşməlidir ki, müstəqil Azərbaycanın müstəqil yaşaması üçün hər bir vətəndaşın vətəndaşlıq borcu var. Bunu təmin etmək üçün hər bir vətəndaş öz payını verməli, öz xidmətini göstərməlidir”.

Tariximizə nəzər salsaq görərik ki, elimizin, obamızın ən gözəl ənənlərindən biri də torpağa, ana yurda, vətənə bağlılıq, xalqımızı zaman-zaman yadelli işğalçılardan  qorumaq, vətən üçün candan keçmək olmuşdur. Elə buna görə də xalqımızın vətən uğrunda, torpaq uğrunda canından, qanından keçən saysız-hesabsız, unudulmaz qəhrəmanları olmuşdur.

Deməli, vətənpərvərlik, vətən sevgisi və bu kimi ifadələrə tərif tapmaq əvəzinə, bu hissi gənclərimizə hansı vasitə ilə aşılamalıyıq? – fikrinin üzərində düşünməliyik və bu ali duyğunu suya, çörəyə olan tələbat kimi övladlarımıza aşılamalıyıq.

Bəlkə də elə bir çoxları üçün təəccüblü görünən “Uşağın tərbiyəsi ana bətnindən başlamalıdır”- məsəli təsadüfən deyilməyib. Bəli, uşaq ilk olaraq göz açdığı ailədə tərbiyə alır. Düzgün tərbiyələndirməklə, yaxşı keyfiyyətləri öyrətməklə yanaşı, vətənə, dövlət atributlarına, milli-mənəvi dəyərlərimizə sadiqlik hissi uşağa kiçik yaşlarından, ilk növbədə ailədə aşılanmalıdır. Məşhur rus pedaqoqu Uşinski yazırdı: “Uşaqlara tərbiyə vətən məhəbbətindən başlamalıdır. Mənsub olduğu vətəni, xalqı, onun dilini sevdirmək tərbiyənin başlanğıcıdır.”

Azərbaycan torpağı müqəddəs torpaqdır.  Bu torpağa qanı tökülən igidlərin yazdıqları tarix və etdikləri igidliklər Azərbaycanın müqəddəs torpağını daha da ulu etmişdir.  Şəhidlər üçün yazılan hekayətlər həm də gələcək nəsillər üçün ibrət dərsidir.  Qoy onlar xeyiri şərdən, ağı qaradan ayıra bilsinlər. Vətən yolunda şəhidlik əsl vətəndaşlığın ən ali zirvəsidir; bütün zirvələrdən yüksəkdə duran ilahi bir  zirvə, həm də o, adi gözlə yox, yalnız mənəvi gözlə görülə biləcək bir  zirvədir.

Məhz buna görə də bu gün gənclərin vətənpərvərlik tərbiyəsindən danışdıqda, gənzlərimizin vətənpərvərlik ruhunda yetişdirilməsindən söz açdıqda mütləq vətən yolunda canından keçmiş igidlərin həyat yolundan söhbət açmaq lazımdır. Bu amilə uyğun olaraq da muxtar respublikamızda gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində həyata keçirilən tədbirlərdə yeniyetmə və gənclərin hərbi hissələrdə görüşlərinin keçirilməsi, onlara qəhrəmanlıq tariximiz haqqında bədii və sənədli filmlərin nümayiş olunması, müharibə iştirakçıları ilə birgə tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Vətən amalı və azərbaycançılıq ideologiyası vətənpərvərlik anlayışı ilə əlaqədardır. Vətənpərvər münasibət insanın vətənin faydası üçün lazım olan fəaliyyəti həyata keçirmək niyyəti, həmçinin, ölkəsinin maddi-mənəvi sərvətlərinə daxili pozitiv münasibətdir.

Vətən təəssübkeşliyi, vətənpərvərlik milli qürur və milli ləyaqət hissilə vəhdətdə digər bir məfhumun – azərbaycançılığın özəyini təşkil edir. Ulu Öndər Heydər Əliyev milli vətənpərvərlik haqqında demişdir: “Milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu, nizamnaməsi olsun”

Ulu Öndər vətənpərvərliyi, vətəndaşlıq duyğusunu xalqın, vətənin taleyinin tərkib hissəsi hesab edirdi. Dahi şəxsiyyətin azərbaycançılıq ideyasının güclənməsində, onun etnik-milli müstəvidən dövlətçilik və vətənpərvərlik müstəvisinə keçirilməsində müstəsna rolu vardır. Ümummilli lider vətənpərvərliyə və dövlətçiliyə əsaslanan azərbaycançılığı qurdu, yaratdı, eyni zamanda, əməli surətdə həyata keçirdi. Milli ideologiyadan, azərbaycançılıq ideologiyasından danışarkən, böyük insan hər bir azərbaycanlının vətənpərvərlik hissləri ilə yaşamasını daim önə çəkirdi: “Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından – hər şeydən üstün tutsun”.

Vətənpərvərlik vətənə məhəbbət, əcdadların ənənələrinə hörmət deməkdir. Vətənpərvərliyə və dövlətçiliyə söykənən azərbaycançılıq məhz ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpası zamanı ölkəyə ikinci dəfə rəhbərliyə qayıdışından sonra milli bütövlüyümüzün təcəssümü olan milli ideologiya kimi formalaşdı, gerçəkləşdi və səfərbəredici fenomenə çevrildi.

Böyük öndər Heydər Əliyev gənclərin vətənpərvərlik tərbiyəsinə azərbaycançılığı, qəhrəmanlığı əxz etməklə bütün çətinlikləri aradan qaldırmaq vasitəsi kimi baxırdı: “Siz də Azərbaycan xalqına xidmət edərək… Vətənpərvərlik hissi ilə yaşayaraq özünüzü qəhrəman, cəsur, qüdrətli bir insan kimi formalaşdırmalısınız və qarşıdan gələ biləcək bütün çətinliklərə hazır olmalısınız”.

Demokratik, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu yolu ilə gedən Azərbaycan və bütün azərbaycanlılar ümummilli liderin layiqli siyasi varisi ölkə Prezidenti İlham Əliyevin ətrafında birləşərək, milli azərbaycançılıq və vətənpərvərliyin vəhdəti şəraitində müstəqilliyimizi daha da möhkəmləndirir.

Unutmamaq lazımdır ki, bu günün gənci sabahın atası, anası, ailə başçısıdır. Onun öz övladını necə tərbiyə etməsi isə ilk növbədə bu gün onun özünün necə yetişdirilməsindən asılıdır. Buna görə də bu sahədə görülən işlər daim diqqətdə saxlanılmalı, gənclərin vətənpərvərlik tərbiyəsi üçün yaradılan şəraitdən səmərəli istifadə etmək lazımdır. Muxtar respublikamızda bu istiqamətdə icra edilən tədbirlər diqqətəlayiqdir. Müharibə iştirakçılarının və şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, müalicəsinin təşkili, məşğulluğunun təmini baxımından böyük işlər görülmüşdür. Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin  Naxçıvan Muxtar Respublikası Təşkilatı da keçirilən tədbirlərdə  gənc nəslin vətənpərvərlik tərbiyəsinin  təşkilinə ciddi əhəmiyyət verir. Bu gün əminliklə qeyd etmək olar ki, muxtar respublikamızda yaradılan şərait nəticəsində vətənpərvər gənclər nəsli formalaşmaqdadır. Məhz bu gənclər  itirilmiş torpaqlarımızın  bərpa olunmasında, işğal altında olan ərazilərimizin  qaytarılmasında həlledici sözü deyəcəkdir.

                                       Mirməcid Seyidov

Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin

Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: