Kestutis Yankauskas: Avropadan Naxçıvana gələn turistlərin sayı artırılmalıdır

182

NUHÇIXAN xəbər verir ki, Naxçıvanda keçirilən “Avropa günləri”ndə iştirak edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Naxçıvanın turizm potensialını yüksək qiymətləndirib. Gələcəkdə təmsil etdiyi qurumla Naxçıvan arasında  əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsini vacib sayıb. Avropalı qonaq vurğulayıb ki, bu, mənim Naxçıvana artıq üçüncü səfərimdir. Diyarınız çox gözəldir. Xüsusən buradakı təmizlik və qonaqpərvərlik insanı özünə çəkir. Əvvəlki səfərlərimdə az da olsa, Naxçıvanı gəzmək imkanım olub və deyə bilərəm ki, bir litvalı kimi buradakı uca dağlar və mineral sular mənim üçün çox cazibədardır. Hesab edirəm ki, ölkənizə və o cümlədən Naxçıvan Muxtar Respublikasına gətirilən turistlərin sayını artırmaq imkanları genişdir. Ona görə də qarşıdakı dövrdə Azərbaycan Respublikasına, o cümlədən Naxçıvan Muxtar Respublikasına səyahət edən avropalı turistlərin sayını artırmaq üçün səylər göstərilməli, turagentlər bu istiqamətdə işləməli, bir-birimizi daha yaxından tanımalıyıq. Düşünürəm ki, sıx turizm ­əlaqələri hər iki tərəfi bir-birinə daha da yaxınlaşdıracaq.

Biz burada keçirdiyimiz görüşlərdən çox məmnun qaldıq. İstər təhsil ocaqlarında, istərsə də iş adamları ilə görüşlərdə insanların gördüyü işə yaradıcı münasibətin şahidi olduq. Keçirdiyimiz mətbuat konfransında çox maraqlı suallar verildi. Heydər Əliyev adına məktəbdə, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində keçirilən görüşlərdə şagird və tələbələrin fəallığının şahidi olduq. Bu təkcə mənim üçün deyil, bütün avropalı səfirlər üçün çox xoşdur. Avropada təhsil almaq istəyən, Avropa İttifaqı dəstəkli təhsil və kiçik biznes layihələrinə maraqgöstərən insanlarla tanış olmaq üçün Naxçıvanda keçirilən bu tədbir həm burada yaşayan insanlar, həm də elə bizim üçün əla fürsət oldu. Naxçıvanqalada təşkil olunmuş “Avropa şə­hərciyi”nə minlərlə insanın göstərdiyi maraq isə həqiqətən, bizi çox sevindirdi. İnsanların yeni dostlar qazanması, digər mədəniyyətlərlə qiyabi də olsa, tanışlığı baxımından burada keçirilən gün unudulmaz oldu. Həqiqətən, bu diyardan dərin təəssüratla qayıdırıq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: