18 may Beynəlxalq Muzeylər Günüdür

Muzeylər xalqımızın maddi-mənəvi sərvətlər xəzinəsidir

109

Muzeylər milli özünəməxsusluğu nümayiş etdirən, milli-mənəvi dəyərləri toplayan, keçmişlə bağlı həqiqətləri təcəssüm etdirən, qoruyan və təbliğ edən mədəniyyət ocaqlarıdır. Bu gün muzeylərimiz zəngin sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi bir şəbəkəyə malik olub muxtar respublikamızın bütün bölgələrini əhatə edir.

Naxçıvanda muzey işinin özünəməxsus inkişaf tarixi vardır. XIX əsrin sonlarında böyük yazıçı-dramaturq Cəlil Məmmədquluzadə Nehrəm kənd məktəbində muzey yaratmaq təşəbbüsü ilə Xalq Məktəbləri İdarəsinə yazılı müraciət etmiş və Azərbaycanda ilk dəfə olaraq bu kənd məktəbində Naxçıvanın tarixinə dair maddi-mədəniyyət nümunələrinin toplandığı muzey yaratmışdır. 1924-cü ildə Naxçıvanda Tarix-Etnoqrafiya Muzeyi təşkil edilmiş, 1926-cı ildə isə Naxçıvan şəhər sakini Balabəy Əlibəyovun yaratdığı şəxsi muzey dövlət muzeyi kimi fəaliyyət göstərməyə başlamışdır. 1925-ci ildə Azərbaycan üzrə yaradılan cəmiyyətin bir şöbəsi kimi fəaliyyət göstərməyə başlayan “Naxçıvanı Tədqiq və Tətəbbö” Cəmiyyətinin də muzeyin zənginləşməsində xidmətləri olmuşdur.

Ölkəmizdə muzey işinin, muzeyşünaslığın inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində Azərbaycanda yeni muzeylərin yaradılması, onların bazasının möhkəmləndirilməsi, muzey fondlarının zənginləşdirilməsi və ekspozisiyaların müasir şəkildə qurulması üçün mühüm tədbirlər həyata keçirilmişdir. Həmin dövrdə ölkəmizdə bu sahəni inkişaf etdirmək üçün Azərbaycan Muzeylər İdarəsi, Muzey İşi üzrə Respublika Elmi-Metodik Mərkəzi, Muzeylərin Bədii Tərtibatı Müəssisəsi, Muzey Sərvətlərinin və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi kimi qurumlar yaradılaraq fəaliyyətə başlamışdır. Qısa zaman ərzində Azərbaycanın 60-dək rayonunda tarix-diyarşünaslıq muzeyləri yaradılmışdır. Məhz bu dövrdə Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarında tarix-diyarşünaslıq muzeyləri fəaliyyətə başlamışdır. Ölkəmizdə 1969-cu ilədək 29 muzey fəaliyyət göstərmişdisə, ümummilli liderimizin rəhbərliyi illərində 111 müxtəlif profilli muzey yaradılmışdır.

Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”,  – deyən ümummilli lider Heydər Əliyevin  müstəqillik illərində ökəmizə rəhbərliyi dövründə muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoymuş, bu sahədə qanunvericilik bazası yaradılmışdır. Bu dövrdə “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, muzey fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin vəzifələri, muzeylərin hüquqları, muzey fondları, muzeylərə dövlət qayğısı və nəzarəti artırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bu sahədə uğurlu addımlar atılır, mühüm işlər həyata keçirilir. Dövlət başçısının “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı və “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 22 may tarixli Sərəncamı bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Muxtar Respublikasında da muzeylərin fəaliyyəti diqqətdə saxlanılır, muzey ekspozisiyaları zənginləşdirilir,  yeni muzeylər yaradılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muzeylərimiz müasir tələblər əsasında yenidən qurulmuş, bu sahədə mühüm işlər həyata keçirilmişdir. 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey fəaliyyət göstərirdisə, hazırda muxtar respublikada 1 rəsm qalereyası və 29 müxtəlif profilli muzey fəaliyyət göstərir. Bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 130 mindən çox eksponat toplanmışdır. Ötən il muxtar respublikanın muzeylərinə 1340 eksponat daxil olmuşdur. Bu ilin birinci rübündə isə muzeylərimiz 402 yeni eksponatla zənginləşdirilmişdir. 2012-ci ildə Bəhruz Kəngərli Muzeyi əsaslı şəkildə yenidən qurulmuş, 2013-cü ildə “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzey üçün bina istifadəyə verilmişdir. “Gəmiqaya” Tarix-Bədii Qoruğu dəniz səviyyəsindən 3700 metr yüksəklikdə yerləşməklə açıq səma altında nadir muzeylərdən biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında 2013-cü il 5 iyun tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində daha bir muzey yaradılmışdır. 2014-cü ildə Şahbuz rayonundakı Nursu kəndində Xalq şairi Məmməd Arazın ev-muzeyi, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi istifadəyə verilmişdir. 2015-ci ildə Naxçıvan şəhərində Xatirə Muzeyinin, Şərur rayonundakı Cəlilkənddə Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin yeni binaları, həmçinin Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin ev-muzeyi fəaliyyətə başlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonunda “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən qala bərpa olunmuş və burada muzey yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən Naxçıvanda Duz Muzeyi yaradılmış, aprelin 25-də istifadəyə verilmişdir.

Muxtar respublika əhəmiyyətli muzeylərlə yanaşı, tarix-diyarşünaslıq muzeyləri, ev-muzeyləri, xatirə muzeyləri, muzey kompleksləri, dövlətçilik tariximizlə bağlı muzeylərin yaradılması həmişə diqqət mərkəzində saxlanılır. Bütün bunlar mədəni irsimizin qorunması, gənc nəslin mənəvi-estetik, ideya-siyasi dünyagörüşünün zənginləşməsində və vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Muxtar respublikanın rayonlarında da muzeylərin fəaliyyət göstərməsi bura gələn insanların zəngin tarix və mədəniyyətimizlə yanaşı, görkəmli şəxsiyyətlərimiz haqqında da ətraflı məlumat almalarına imkan verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muzeylər Azərbaycan xalqının tarixini, böyük şəxsiyyətlərimizin həyatlarını, yaradıcılığını, fəaliyyətlərini özündə əks etdirir. Xalqın tarixi həm kitablarda yazılmaqla, həm də muzeylərdə qorunmaqla gələcək nəsillərə çatdırılır. Muzeylər bizim keçmişimizi özündə yaşadan, gələcəyə daşıyan yerlərdir”.

Gənc nəslin muzeylərimizdə olması onların qədim və zəngin tariximiz və bu günümüz haqqında dərin biliklərə, geniş dünyagörüşünə malik olmasına, milli dəyərlərə, milli­-mədəni və tarixi irsimizə məhəbbət ruhunda formalaşmasına xidmət edir. Bunun üçün muxtar respublikanın təhsil müəssisələrinin muzeylərlə əlaqələrinə xüsusi diqqət ayrılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, muxtar respublikada məktəb-muzey şəbəkəsi yaradılmış, Azərbaycanın tarixi və mədəniyyəti, görkəmli şəxsiyyətlərimizlə bağlı distant dərslərin keçirilməsinə başlanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamına əsasən muxtar respublikanın ali təhsil müəssisələrində muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması, tarix, turizm-otelçilik ixtisasları üzrə təhsil alan tələbələr üçün açıq dərslərin təşkili davam etdirilir. Ötən il muzeylərdə 436 açıq dərs keçilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanları kollektivlərinin muzeylərə gedişi maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə marağın artmasına, tariximizin, mədəni irsimizin və dövlətçilik ənənələrimizin hərtərəfli öyrənilməsinə geniş imkanlar açmışdır. Ötən il muzeylərimizi 445 mindən çox tamaşaçı ziyarət etmişdir ki, onlardan 110 mindən çoxu xarici ölkə vətəndaşıdır. Bu ilin I rübündə isə muzeylərimizdə 110 mindən artıq tamaşaçı olmuşdur ki, onların da 41 mindən çoxu xarici ölkə vətəndaşıdır. Naxçıvanda muzeylərin internet saytı istifadəyə verilmiş, saytda muzey ekspozisiyalarını internet üzərindən virtual olaraq birbaşa izləmək imkanı yaradılmışdır.

Muxtar respublikada muzey işçilərinin əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülür, medallarla təltif edilirlər.

Bu gün muxtar respublikamızın geniş muzey şəbəkəsinə malik olması qədim diyarda tarixi-mədəni irsimizin qorunub yaşadılması sahəsində görülən işlərin nəticəsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: