Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib

565

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində 2018-ci ildə görülən işlər və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasından irəli gələn vəzifələrlə əlaqədar kollegiya iclası keçirilib. 

Ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri  Suliddin Əliyev qeyd edib ki, 2018-ci ildə hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının və bu sahədə çalışanların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri diqqət mərkəzində olub. Əhali arasında hüquq maarifi və profilaktiki tədbirlərin gücləndirilməsinin nəticəsidir ki, cinayətkarlıq üzrə göstəricilərin aşağı səviyyədə olması qorunub saxlanılıb. 

Bildirilib ki, hər zaman ədliyyə orqanlarına yüksək qayğıyla yanaşan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 18 may tarixli Fərmanı ilə nazirliyin strukturunda dəyişiklik edilib. Buna uyğun olaraq Nazirlər Kabinetinin 2018-ci il 19 may tarixli Qərarı ilə nazirliyin yerli qurumlarının formalaşdırılması aparılıb. Struktur dəyişikliyi ədliyyə orqanlarında çevik idarəetmənin  təmin olunmasına xidmət edir. 

Qarşıya qoyulan vəzifələrin icrası istiqamətində Nazirlikdə probasiya sahəsi üzrə müasir elektron izlənmə nəzarət sistemi yaradılıb. Naxçıvan dövlət televiziya və radiosunun imkanlarından istifadə edilməklə müxtəlif hüquqi mövzularda 16 proqram hazırlanıb. Bu proqramlarda qanunvericiliyin müxtəlif aktual mövzularında tamaşaçı və dinləyicilərə geniş məlumat verilib. Hesabat dövründə muxtar respublikanın şəhər və rayonlarında bələdiyyə fəaliyyəti ilə bağlı 14, notariat və qeydiyyat fəaliyyəti ilə bağlı 6, icra və probasiya xidməti ilə bağlı 5 tədbir keçirilib. 

Hesabat dövründə icra və probasiya üzrə şöbə və bölmələrin icraatına 3174 icra sənədi daxil olub, bunlardan 1002 icra sənədi tam icra olunub. Məhkəmə Ekspertizası Mərkəzinin icraatına 246 ekspertiza işi daxil olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 67 iş çoxdur. Bələdiyyə orqanlarında qanunvericiliyə əməl edilməsi üçün zəruri metodiki köməklik və maarifləndirmə tədbirləri davam etdirilib. 

Nazir vurğulayıb ki, 2018-ci il ərzində məhkum və həbs edilmiş şəxslərin hüquqları qorunub, əməliyyat-axtarış və təhlükəsizlik tədbirləri gücləndirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında Səhiyyə Nazirliyi tərəfindən yaradılmış 8 nəfərdən ibarət xüsusi həkim briqadası cəza çəkən şəxslərin kompleks müayinəsini aparıb.

Vurğulanıb ki, aparılan hüquqi maarifləndirmə və profilaktika işi mütəmadi davam etdirilməlidir. Muxtar respublikanın kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilməklə aktual və  hüquqi maarifləndirmə tədbirlərinin təşkili, 2019-cu ildə muxtar respublikada elan edilmiş “Ailə təsərrüfatları ili”nin mahiyyətinə uyğun olaraq bu sahəni tənzimləyən qanunvericilik aktlarının izahı işi diqqətdə saxlanılmalıdır. 

Sonra məruzə ətrafında çıxışlar olub. 

Kollegiya iclasında nazirliyin 2019-cu ilə dair iş planı təsdiq edilib, müzakirə olunan məsələ barədə qərar qəbul olunub. 

Turab Hacızadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: