“Əbədi ezamiyyət” filmi Afinada nümayiş etdirilib

104

Afinada müasir Yunanıstan dövlətinin ilk parlament binasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib.

NUHÇIXAN xəbər verir ki, tədbirdə Yunanıstan parlamentinin, diplomatik korpusun üzvləri, Yunanıstan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yunanıstan parlamentinin üzvləri Panayotis Kurumblis, Georgios Stilios, İlxan Axmet tədbirdə çıxış edərək müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ən yüksək demokratik və humanist dəyərlər əsasında qurulmasından, 23 aylıq fəaliyyəti dövründə Cümhuriyyətin dövlət quruculuğu sahəsində həyata keçirdiyi islahatlardan söz açıblar.

Ölkəmizin Yunanıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə il ərzində Yunanıstanda keçirilən tədbirlərdən bəhs edib. Qeyd edib ki, bu tədbirin demokratiya ideyasının yarandığı ölkə olan Yunanıstanın tarixi parlament binasında keçirilməsinin simvolik əhəmiyyəti var. Cümhuriyyət hökumətinin ən böyük nailiyyətlərindən birinin dövlət müstəqilliyinin de fakto tanınması olduğunu bildirən diplomat Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filminin Cümhuriyyətin görkəmli xadimlərinin şərəfli fəaliyyətinə işıq saldığını ifadə edib.

Daha sonra nümayiş etdirilən “Əbədi Ezamiyyət” filmi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: