Əsl vətən sevgisi üzərində gəzdiyimiz torpaqlar yox ürəyimizdə bəslədiyimiz sevgidir

3. 171

“31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”-nün təməli  16 dekabr 1991-ci ildə  Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin sədri olan ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyuldu. Dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyəti nəzərə alınaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi.Dünyanın 70-dən çox ölkəsində qeyd edilən bu bayram artıq Azərbaycan xalqının birlik rəmzinə çevrilib.Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi  Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.Sayı 50 milyon nəfər olan dünya azərbaycanlılarının çoxu hazırda müstəqil Azərbaycan Respublikasından kənarda yaşayır. Bu gün azərbaycanlıların ən çox məskunlaşdığı ölkələr qeyri-rəsmi məlumatlara görə, İran, Türkiyə və Rusiyadır. İranda 30 milyon, Türkiyədə 3 milyon, Rusiyada isə 2 milyon azərbaycanlı yaşayır.Eyni zamanda Amerika Birləşmiş Ştatlarında 450 000 , Almaniyada 200 000, Ukraynada isə 350 000 həmvətənimiz var.

Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq, dünya sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, bir-birindən ayrı düşmüşdür. Iş tapmaq, təhsil almaq məqsədilə başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da var. Lakin azərbaycanlı  harada olursa olsun, onun vətəni Azərbaycandır, qəlbi həmişə vətənlə – Azərbaycanla döyünür  Azərbaycanın XX əsrin sonunda müstəqillik əldə etməsi xalqımızın ən böyük tarixi müvəffəqiyyəti oldu. Azərbaycanda 1989-cu ildən başlayan milli azadlıq hərəkatı xaricdə yaşayan və illər uzunu həsrətində qaldığımız bacı-qardaşlarımız arasında da milli oyanış, milli özünüdərk hissləri yaratdı.

Bu gün hər hansı bir ölkədə yaşamasından asılı olmayaraq, ürəyi Vətən eşqi ilə döyünən hər bir azərbaycanlı dövlət müstəqilliyimizi qorumağı və möhkəmləndirməyi özünə borc sayır. Qürbət ölkədə bu diyarı şərəflə təmsil edir, müstəqil vətənimizin dövlət rəmzləri olan bayrağımız, gerbimiz və himnimizlə fəxr edirlər. Azərbaycan bütün dünya azərbaycanlılarının əziz və sevimli Vətənidir. Müstəqil Azərbaycan dövləti isə xaricdəki soydaşlarımızın hüquq və milli-mənəvi azadlıqlarını həmişə qoruyur və onları dəstəkləyir.

Ömrünün 25 ilini qürbət ölkədə yaşayan biri olaraq çox gözəl bilirəm ki,əsl vətən sevgisi üzərində gəzdiyimiz torpaqlar qədər, həm də ürəyimizdəbəslədiyimiz sevgidir.

Ulu öndərimiz Heydər Əliyevin “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə söylədikləri bu sözlər  “31 dekabr himni” kimi hər bir Azərbaycanlının qəlbində yaşayacaqdır:       

“Bizim hamımızın bir vətəni var. Bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli adət-ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla, müstəqil Azərbaycanla bir vurmalıdır”.

Əlövsət  Hüseynquliyev

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvü statusuna malik olan

Beynəlxalq Antiterror Birliyi (BAB) prezidentinin müşaviri

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: